HƏKİM: “Koronavirusa qarşı beynəlxalq səviyyədə tədbirlər görülür” – ÜST razıdır


 Əli Nağıyev:“Dərslərin dayandırılması, kütləvi tədbirlərlə bağlı tövsiyələr həqiqətən də dövlətimizin koronovirusdan qorunma işinə ciddi yanaşdığını göstərir”

“Vacib olan məqamlardan biri də, qətiyyən xofa, qorxuya düşməməkdir”



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri koronavirusla bağlı vəziyyətlə tanış olmaq üçün  Azərbaycana səfər ediblər. Səfər zamanı ölkəmizdə koronavirusun yayılmasının qarşsının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq yüksək dəyərləndirilib.

Qeyd edək ki, bu günə qədər, Azərbaycan COVID-19-un az sayda idxalını təsdiqləyib. Ölkəmiz İranla bir sərhədi bölüşür, burada COVID-19 ilə bağlı bir çox iş təsdiqlənib. Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, vətəndaşlarının etibarlı qorunmasını bacarır.

Dövlətimizin gördüyü tədbirləri yüksək qiymətləndirdiyini deyən həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a bildirib ki, karantin qaydası, sərhədlərdə və ölkə daxilində müayinələr düzgün aparılır:

“Həkim olaraq müşahidə edəndə görürəm ki, görülən tədbirlər beynəlxalq səviyyədədir. Əsas odur ki, Azərbaycanda virusla bağlı təbliğatlar düzgün aparılır. 
Dərslərin dayandırılması, kütləvi tədbirlərlə bağlı tövsiyələr həqiqətən də dövlətimizin koronovirusdan qorunma işinə ciddi yanaşdığını göstərir”

Həkimin, fikrincə, əhalinin şəxsi təşəbbüsü də önəmlidir:

“Şəxsi təşəbbüsümüz, insanların bu məsələyə ictimai yöndən münasibəti, hər kəsin evində virusa yoluxmamaq üçün mübarizəsi vacibdir. Çünki dövlət təkcə adminstrativ tədbirləri və ÜST tövsiyyələri ilə bu işin öhdəsindən 100 faiz gələ bilməz. Gərək vətəndaşlarımız da koronavirusdan qorunmaqda məsuliyyətli davransınlar. Kütləvi tədbirlərə qarşı münasibətdə, maska taxılmasında, şəxsi gigyenik qaydalara riayət etməkdə diqqətli olmalıyıq. Bir sözlə bütün tədbirləri nəzərdən keçirmək və bunu şəxsi həyatımızda tətbiq etməkliyik ki, xəstəlikdən qoruna bilək. Dövlətin apardığı xətti dəstəkləməli və koronavirusdan qorunmaq üçün  işini asanlaşdırmalıyıq.

Vacib olan məqamlardan biri də, qətiyyən xofa, qorxuya düşməməkdir. Koronavirusun adı təbliğ olunduğu və məcburi qabardıldığı üçün ölüm halları ilə bağlı söhbət gedə bilər.

Amma dünyada təxminən 110 mindən çox yoluxma olsa da, xeyli insan sağalıb. 4 min adam dünyasını dəyişib, 3.5-4 faiz nisbəti yerində qalmaqdadır. Xoş məqamlardan biri də virusun Çində sönmək üzrə olmasıdır. Ona görə də dövlətin karantinlə bağlı işinə şəxsi müstəvidə dəstək olmalıyıq”.