“A bala, bayramdır. Biz də normal bayram keçirək də...” – Əməkdaşımız yarmarkaları gəzdi+ Foto

...Tələsmədən, kiçik addımlarla Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyası tərəfdəki yarmarkaya tərəf gedirik. Yanımdakı yoldaşım da jurnalistdir. Ancaq nə satıcılara, nə də alıcılara müxbir olduğumuzu hiss etdirəcəyik. Guya biz də adi şəhər sakiniyik. Novruz bayramı ərəfəsində bazarlıq etmək üçün bura gəlmişik. Hə, Novruz yaxınlaşır. Düzdür, bu il yaxşı başlamadı.

Əvvəl dünyanın müxtəlif ölkələrindəki, o cümlədən Avstriyadakı yanğınlar, sonra da Çindən start götürən, dünyada sürətlə yayılan və nəhayət, ölkəmizə gəlib çatan koronavirus...Ancaq bu, əhalinin əsrlərdir davam edən milli adət-ənənəsinə, həmçinin bayram əhval-ruhiyyəsinə təsir edə bilmir. Bəlkə də, artıq bahar gəlir. Xoş günlər başlayır...



 Tələbə yoldaşımla bunları müzakirə edə-edə bir də baxırıq ki, yarmarkanın qarşısındayıq. Satıcıların “Gəl, ay müştəri...Gəl...” sözləri eşidilir. Piştaxtaların üzərinə qoz, fındıq, kişmiş, ərik qurusu, iynə, innab...düzülüb. Qiymətlərə baxır, fotolar çəkirik. Etiraf edirəm, indiyə kimi barmaqla sayılası qədər az olmuşam bazarda. Ona görə də əvvəlki illərlə müqayisədə qiymətlərin necə olduğunu deyə bilmərəm. Amma qlobal iqtisadi tendensiyalardan xəbərim var. Neftin qiymətinin aşağı düşməsi heç də müsbət nəticələnməyəcək. Bir də ki, heç siz qiymətdən razı qalan müştəri görmüsünüz? Mən görməmişəm. Bu gün də ilk yaşamadım. İnsanlar dil tökərək, ərzağı heç olmasa bir manat aşağı qiymətə almaq istəyirlər. Yaşlı bir nənə, bəlkə də, oğlu yaşında olan kişiyə deyir: 

-A bala, bayramdır. Biz də normal bayram keçirək də...
-Vallah, mən nə edim. Qiymət budur. 

 Qadın daha heç nə demir. Başını aşağı salaraq uzaqlaşır...Nə etsin? Əlindən nə gəlir ki? 

 Satılan məhsulların, az qala, yarısı qozdur. Növbənöv, fərqli qiymətlərdə. Qabıqsız qozların qiyməti daha bahadır-8, 9 manat. Necə deyərlər, əsl tənbəl insanların malıdır. 6, 7 manata təklif edilən qoz isə qabıqlıdır. Amma çəki daha ağır olsa da, bəlkə, qabıqlısı məsləhətdir. Ən azından təmiz olduğunu bilirsən. Diksinə-diksinə əl vurmur, yemirsən. Bilirsiz, niyə deyirəm? Çünki açıqda satılır. Üstündə də min cür həşərat gəzir, milçək özünə “məskən salır”. Məncə, lazımi qurumlar bu işə bir əncam çəkməlidirlər. Bizdən demək...
 Söhbət üçün bir piştaxtaya yaxınlaşır, satıcıdan soruşuruq:



-Püstə neçəyədir?

-On manat-deyir və işgüzarlıqla ayağa qalxaraq əlindəki çay dolu stəkanı bir qırağa qoyur. 

Bir-birimizə baxdığımızı görüb yanındakı yeşiyi göstərir: “İstəsəz, beləsi də var, bacıoğlu. Həə, hansından çəkim?”. Püstə nəyimizə lazımdır ki, bizə fakt, informasiya lazımdır. Odur ki, “Bir az gəzək, qayıdanda baxarıq” deyib satıcıdan canımı qurtarıram.  

  Bir küncdə, daşın, vedrələrin üstündə oturmuş qoca nənələr diqqətimizi çəkir. Əllərində limon tutub, qarşılarına bir neçə səməni qoyub yazıq-yazıq gəlib-gedənə baxırlar. Qəhər məni bürüyür. Nədi e axı onları buna məcbur edən? İsti ocaqlarında nəvələrinə şirin nağıl oxuyan nənələrdən nə fərqləri var? 

 Bir də baxıram ki, müştərilərdən biri satıcı ilə əməlli-başlı mübahisə edir. 


-Niyə qoymursan özüm seçim?

- A kişi, mən belə satıram. İstəsən al, istəməsən xoş gəldin.

Adam bilmir nə desin. Bazar ki, bazar...

 Səməni satan bir cavandan qiymətlərlə maraqlanıram. Əsl iş adamlarına xas şəkildə “Hər qiymətə var” deyir. Əlbəttə, cavab məni qane etmir. Odur ki, “Müştəri hər zaman” haqlıdır prinsipinə arxalanaraq xahiş edirəm: “Zəhmət olmasa, hamısının qiymətini deyin”. Əli ilə müxtəlif ölçülü səmənilərə işarə edərək “İki, üç, beş manat” cavabını verir. Belə xalq misalı var: “Səməni, saxla mənə, ildə cücərdərəm səni”. Beş manatlıq səmənilər çətin ki, cücərə...

  Tənbəllik etmir, “İnşaatçılar” metrostansiyası tərəfə gedirik. Buradakı yarmarkada da vəziyyət təxminən eynidir. Bir tərəfdə əli torbalı adamlar, bir tərəfdə evinə bayram azuqəsi aparmaq üçün qiyməti heç olmasa, yarım manat aşağı salmaq istəyənlər...Qiymətlər arasında da ciddi fərq yoxdur. Qoz 6-9 manat, püstə, badam 10-11 manat, iydə, innab 9-10 manat arasında dəyişir. 



 Ətrafı diqqətlə müşahidə edərək addımlayırıq. Eşitdiyim bir dialoqla ayaq saxlamalı oluram. Bizdən bir az aralıda babasının əlindən tutan nəvə kişidən soruşur:

-Axı həkimlər deyir ki, virusa görə (“koronavirus” sözünü tələffüz edə bilmir) yediklərinizə diqqət edin...
-Eybi yox, oğul, yaxşı yusaq, heç nə olmaz-kişi nəvəsinin başını sığallayaraq nəvəsini arxayın etməyə çalışır.
 Doğrudan da, koronavirus səbəbindən bazara, yarmarkaya tələbat azalıb sanki. Bəlkə də, bayrama hələ iki həftə var deyə, belədir. Fəqət, söz yox ki, qiymətlər get-gedə bahalaşacaq. 

 Bir də onsuz da bayram ənənələri, ab-havası ildən-ilə unudulur. Eybi yox, təki qəlbimizdə, üzümüzdə həmişə bahar olsun...