Koronavirus sınağından üzüağ çıxacağıq: “Dövlət əhalinin yanındadır”

“Prezident daha bir nümunəvi addım ataraq bir illik əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Bu ölkə başçısının bütün taleyüklü məsələlərdə Azərbaycan xalqının yanında olduğunu göstərir”



“Azərbaycanda ilk gündən koronavirus infeksiyasına qarşı mübarizədə adekvat və operativ qərarlar qəbul edilib” .
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan dövlətinin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün həyata keçirdiyi  qabaqlayıcı tədbirlərdən danışan millət vəkili Ceyhun Məmmədov deyib. 



Hazırda virusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə atılan addımların davam etdirildiyini vurğulayan deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon vəsait ayrılması və Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamlar imzaladı: 

“Ötən gün də Cənab Prezident daha bir nümunəvi addım ataraq bir illik əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Bu bir daha Cənab Prezidentin bütün taleyüklü məsələlərə olduğu kimi bu məsələyə də həssaslıqla yanaşdığını, Azərbaycan xalqının yanında olduğunu, bu virusla mübarizə məqsədilə bütün məsələləri diqqətdə saxladığını göstərir. Azərbaycan hökuməti əhalinin və sahibkarların zərər çəkməməsi, iqtisasiyyatın zəifləməməsi üçün bütün zəruri tədbirləri görür. Bütün iqtisadi və sosial layihələr uğurla icra olunacaq. Yuxarıda qeyd olunan sərəncamın imzalanmasında da əsas məqsəd budur. Azərbaycan dövləti ölkədə və xaricdə cərəyan edən hadisələrə adekvat və zamanında reaksiya verir. Dövlət əhalinin və iş adamlarının yanındadır və hər zaman yanlarında olacaq. 
Ona görə heç bir təşvişə və narahatlığa əsas yoxdur. Bütün çətinliklərdən olduğu kimi bu sınaqdan da xalqımız üzüağ çıxacaq. Hər birimiz soyuqqanlı olmalı, hadisələrə təmkinlə yanaşmalı, əsassız məlumatlar yaymamalı, ictimai mənafeyi şəxsi mənafeydən üstün tutmalıyıq”.