Deputat əhalini həmrəyliyə SƏSLƏDİ: “Dövlətin yanında olun!”

“Vətəndaşlar dövlətə dəstək verərsə, cəmiyyətimiz bu bəlanın öhdəsindən daha tez zamanda gələcək” 



“Dövlət tərəfindən koronavirusun yayılmamasına qarşı atılan addımlar olduqca effektivdir”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. 

Deputatın sözlərinə görə, hökumət kompleks tədbirlər görərək, vəziyyəti nəzarətdə saxlamağa çalışır və buna müvəffəq olur: 

“Yoluxanların sayının artması bütün dünya üçün xarakterik olan tendensiyadır. Dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-da belə koronavirus ciddi təhlükə hesab olunur. Ancaq bu o anlama gəlmir ki, dövlət zəruri addımları atmır, yaxud vaxtında tədbir görmür. Bu cür yanaşma yanlışdır. Azərbaycanda qeyd edildiyi kimi dövlət tərəfindən bütün zəruri addımlar həyata keçirilməkdədir. Test yoxlamaları artdıqca yoluxanların sayı da üzə çıxır. Əslinə qalsa, bunu da müsbət hal kimi dəyərləndirmək lazımdır. Çünki yoluxmuş insanların aşkarlanması virusun yayılmasının qarşısının alınmasının ən əsas şərtidir. Koronavirusun Azərbaycanda yayılmasına qədər sərhədlər açıq idi, xüsusən İranla təmaslar sıx idi. Vətəndaşlarımızın xaricə gediş-gəlişi problemsiz həyata keçirilirdi. Əlbəttə, bütün bu səfərlər karantin rejimindən əvvələ təsadüf edirdi. Çox güman ki, onlar arasında daşıyıcılar ola bilərdi. Bu baxımdan aparılan testlərin sayının çoxluğu, daşıyıcıların üzə çıxmasını şərtləndirdi. Yoluxanların sayının çox görünməsi bununla bağlıdır”.

E.Mirbəşiroğlu vurğulayıb ki, dövləti qınamaq üçün heç bir əsas yoxdur: 

“Əks halda koronavirus daşıyıcılarının sürətlə üzə çıxarılması vəziyyətin nəzarətdə saxlanması üçün çox vacibdir. Burada dövlətin təqdir olunacaq addımı odur ki, ölkəyə zəruri ləvazimatların çatdırılması istiqamətində daha ciddi fəallıq nümayiş etdirir. Koronavirus ocaqları aşkarlanaraq, onların lokallaşdırılması istiqamətində ciddi işlər görülür. Bu baxımdan düşünürəm ki, dövlətin yanında olmaq lazımdır. Yersiz ittihamlar səsləndirmək doğru deyil. Vətəndaşlar arasında maarifləndirmə apararaq onların da dövlətə dəstək olmasına nail olmaq lazımdır. Belə olan təqdirdə dövlət və cəmiyyətimiz bu bəlanın öhdəsindən daha tez zamanda gələcək”.