Koronavirusla mübarizədə tibbi ləvazimatlarla bağlı yaranan problemlər müsbət həllini tapır”
“Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən hazırda bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın qıtlığı yaşanır. İstehsalçı ölkələr tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını saxlayıblar”.
Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az” a açıqlamasında söyləyib.
Baş redaktor bildirib ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir:
“Dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Məhz onun tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar”.
V.Rəhimzadə bildirib ki, hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün dövlət başçısı tərəfindən birbaşa göstərişin verilməsi onu göstərirdi ki, Prezident koronavirus pandemiyasının xalqımızın sağlamlağına az zərər vurmasını təmin etməkdə israrlıdır:
“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri bunu bir daha sübut etdi. Yeni açılan müəssisədə birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Yaxın günlərdə isə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik 200-250 min tibbi maskaya çatdırılması nəzərdə tutulur. Bu da o deməkdir ki, artıq Azərbaycan tibbi ləvazimatları idxal edən yox, onların istehsalı ilə məşğul olan və gələcəkdə ixrac edəcək ölkəyə çevrilir. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkəsində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır.
İki həftə ərzində gündəlik 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı sahəsində ölkəmizdə yaradılmış şərait qısa zamanda daxili tələbatımızı özümüzün yerli istehsalımız hesabına ödəməyimizə imkan verəcək”.