Tibb işçilərinin maaşlarının ödənilməsində problem olub? - TƏBİB aydınlıq gətirdi


Ölkə ərazisində koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin, restoran və kafelərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Paralel olaraq səhiyyə sistemi, eləcə də bir çox həyati əhəmiyyətli sahələr fəaliyyətinə gücləndirilimiş iş rejimində davam edir.

Tibb işçilərinin mart ayında aldıqları maaşlarından müəyyən məbləğdə kəsilmələr olduğuna dair sosial şəbəkədə məlumatlar yayılıb.


Oxu.Az xəbər verir ki, həmin məlumatlarda bu faktların əsasən, Sumqayıt Şəhər Təcili Yardım, şəhərin Səhiyyə Şöbəsi, eləcə də paytaxtda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 nömrəli Uşaq Kliniki Xəstəxanasında olduğu iddia edilib.

Mövcud vəziyyətlə bağlı ən çox risk qarşısında qalaraq, vətəndaşlara xidmət edən məhz tibb işçiləri olduğundan bu məlumatlar cəmiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanlayıb.

Birliyin Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva sorğuya cavab olaraq bildirib ki, mövzu ilə əlaqədar aparılan araşdırma artıq yekunlaşıb:

“TƏBİB rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb və dərhal araşdırma başladılıb. Məsələdə sözügedən tibb müəssisələri ilə danışıqlar aparılıb. Bütün rəsmi sənədlər yoxlanılıb. Rəsmi şəkildə heç bir tibb işçisinin maaşından tutulma faktı aşkar olunmayıb. Araşdırmanın yekun nəticəsi barədə də müvafiq orqanlara məlumat verilib”.