Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Qazax rayonunun Yuxarı Salahlı kəndinin sakini Ruslan Vəliyev ölkə başçısına məktubunda bildirir:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ilk növbədə, qeyd etmək istəyirəm ki, mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz məqsədyönlü siyasəti bəyənir və dəstəkləyirəm. Təəssüf ki, 2020-ci ildə dünyamız, doğma Vətənimiz, canımız Azərbaycanımız böyük bəla ilə üzləşdi. Lakin Sizin və hörmətli Mehriban xanımın qətiyyətli qərarları ilə ölkəmiz bu bəladan da üzüağ çıxmaqdadır. Əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz gənclər yenidən ölkəmizin uğurlu gələcəyi olacağıq. Mən Sizə və hörmətli Birinci vitse-prezidentimizə Azərbaycan gənci kimi dərin təşəkkürümü bildirirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun! Biz birlikdə güclüyük!”.