Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona ünvanladıqları çoxsaylı minnətdarlıq məktublarında ifadə edirlər.
Xaçmaz rayonunun sakinləri Şakir Məmmədov, Aytən Adilova, Svetlana Eldarova və Həmid Eldarov dövlət rəhbərinə məktubda diqqətə çatdırırlar:
“Möhtərəm cənab Prezident, “Xanoba” gömrük postunun tikintisi, həmin postla ”Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun genişləndirilməsi ilə bağlı sərəncamlarınız xaçmazlılara verdiyiniz ən yüksək qiymət və ölkəmizdə aparılan iqtisadi islahatların məntiqi davamıdır. Bu istiqamətdə ayırdığınız maliyyə vəsaiti sərhəd zonasında yaşayan əhalinin rahat şəkildə sərhəd-keçid məntəqəsindən istıfadə etməsinə, yolda isə maneəsiz hərəkətinə dəstək olacaq. Siz ulu öndər Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək müstəqil Azərbaycanı daha da gücləndirirsiniz. Bu yolda Sizə möhkəm cansağlığı, uğurlar arzulayırıq”.