“Pandemiyaya inanmayanların “qapısı döyüləndə” gec olacaq”

“Odur ki, qabaqlayıcı tədbirlərinizi görün. Gigiyena qaydalarına riayət edin, məsafə saxlayın, ehtiyac yoxdursa evdən çıxmayın”




"Cəmiyyətin hər bir fərdi özü-özünü qorumursa, bunun qarşısını almaq çox çətin olacaq.  Hər kəs özünə nəzarət etməli,  təhlükəni ciddiyə almalıdır" . 
Bu sözləri “Sherg.az”a pandemiyaya qarşı inamsızlıqdan danışarkən  sosioloq Zəminə  Səfərova deyib. 
Onun qənaətincə, əksəriyyət ən yaxını bu virusa yoluxana qədər pandemiya təhlükəsini ciddi qəbul etmir:

 "Halbuki yaşından asılı olmayaraq hər bir vətəndaşımız bu xəstəliyin fəsadlarını dərk etməli və məsuliyyətli olmalıdır.
Son günlərdə virusdan yoluxma hallarının sayı artır. Bu yoluxmanın və yayılmanın qarşısını almaq hamımızın məsuliyyətidir. Ən vacib qabaqlayıcı tədbir isə  fiziki məsafənin qorunmasıdır. Hər kəs gündəlik həyatda, əsasən də ictimai yerlərdə fiziki məsafəni qorumağa diqqət etməlidir. Bizdə isə nə ictimai nəqliyyatda, nə də marketlərdə məsafə saxlanılır".


 Ölkəmizdəki real vəziyyətin hamını narahat etməsinin vacibliyini qeyd edən. Z. Səfərova  getdikcə yoluxmanın əhatəsinin genişlənməsini təəssüflə qeyd edib: 


"Artıq Avropada vəziyyət yaxşılaşır, lakin bizdə pisləşir.
Bilirəm, bu pandemiya həm dünyada, həm də Azərbaycanda insanların əhval-ruhiyyəsinə mənfi  təsir göstərir. Bəli, isti yay günlərində çox çətindir evdə oturmaq, istirahət etməmək,dənizə getməmək, əyləncə mərkəzlərində olmamaq, konsertlər, toylar və sairə. Lakin bu qadağalar təkcə bizdə deyil,  bütün dünyada belədir.  İnanıb-inanmasından asılı olmayaraq hər bir vətəndaş öz məsuliyyətini dərk etməli,  şəxsi gigiyena və digər izolyasiya qaydalarına əməl etməlidir ki,  məsuliyyətsiz insanların ucbatından digər insanlar da əziyyət çəkməsinlər. 
Əks halda yaxınlarının virusa yoluxduğunu görəndə artıq  çox gec olacaq. Ona görə, mütləq qabaqlayıcı tədbirlərə başlamaq, gigiyena qaydalarına  məsuliyyətlə riayət etmək lazımdır. Əgər bunlara əməl etməsək, virus daha da artacaq. Hər bir şəxs özünü və ailəsini qorumaq üçün tədbir görməsə, bu virusun daha da artdığını müşahidə edəcəyik".

Sosioloqun sözlərinə görə, insanlarda inamsızlıq yaradan sosial şəbəkələr vasitəsilə  yayılan doğru mənbələrdən olmayan qeyri-peşəkar insanların məlumatlarıdır: 

" Bu məlumatlar çox sürətlə yayılır, əksəriyyət də  inanıb  həmin məlumatları, videoları paylaşırlar. Bəzi İnsanlarda da inamsızlıq yaradan belə məlumatların yayılmasıdır. Belə videolar və məlumatlar tək bizim ölkədə deyil, bütün dünyada yayılır. Bu məlumatları hansı mənbələrdən aldıqlarını demək çətindir. Yayılan videolarda özlərini professor, akademik, tibb işçisi kimi təqdim edənlər insanları yaydıqları məlumatlara inandırmaq üçün özlərini belə təqdim edirlər. Ona görə də insanlar daha çox onlara inanırlar.

Bu kimi çaşdırıcı məlumatlar insanlarda arxayınlıq, məsuliyyətsizlik yaradır. Çox təəssüf edirəm ki, pandemiyaya belə yanaşan insanların qapısını virus döyəndə onda gec olacaq. Odur ki, qabaqlayıcı tədbirlərinizi görün. Gigiyena qaydalarına riayət edin, məsafə saxlayın, ehtiyac yoxdursa evdən çıxmayın.
Əhaliyə müraciətimin biri də odur ki, inanmasanız belə siz bütün qaydalara əməl edin. Görün, günah insanlardadır yoxsa, açıqlanan statistika bir  oyundur?".