Pandemiyadan sonrakı dönəmdə yeni qaydalar... – Professor izah edir 

“Bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək”

"İsrafçılıq aradan qalxacaq, insanlar bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa çalışacaqlar” 



"İdarəçilikdə distant fəaliyyətin səmərəliliyi artıq dünyanın aparıcı şirkətləri tərəfindən təsdiq olunur. Distant təhsilin yeni uğurlu nəticələrə aparan variantları işlənir, xidmət sferası öz işini xidmətləri insanlara çatdırmaq kontekstində yenidən qurmağa köklənirlər və s. Bir sözlə, bəşəriyyət pandemiyadan sonrakı dönəmdə yeni qaydalarla yaşamağa üz tutur". 

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. Professorun sözlərinə görə, bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək:



 "Koronavirus pandemiyasının dünya düzənini dəyişəcəyi ilə bağlı fikirlər bu problemin yarandığı ilk günlərdən səslənməkdədir. Bəs, bu dəyişikliklər hansı sahələri əhatə edəcək? Onu deyim ki, israfçılıq anlayışı aradan qalxacaq, insanlar özlərini düşündükləri qədər bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa çalışacaqlar.  Bu gün artıq bütün hökumətlər, o cümlədən, Azərbaycan hökuməti də dünyada başlanan yeni çağrışlara uyğun islahatlar aparmağa köklənib. İslahatlar ölkə həyatının bütün sferalarını əhatə edəcək və bu yolda artıq ilkin addımlar atılmağa başlanıb. 

Yeni çağırışlar kontekstində hökumətin cəmiyyətdə vətəndaş həmrəyliyini yüksəltmək və ictimai nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar tədqirəlayiqdir.
Bu yolun başlanğıcında yeni siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsi, siyasi partiyalarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Prezident administrasiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi ölkənin siyasi səhnəsində son illlərin ən diqqətçəkən yenilik hesab edilə bilər". 

F.Yusifovun sözlərinə görə, hökumət ölkədə vətəndaş həmrəyliyinin yüksək səviyyədə olması üçün ən zəruri addımlar atır. 
Bu, cəmiyyətin demokratikləşməsi və dövlətin idarə edilməsində siyasi plüralizm mühütinin yaradılması deməkdir.  Siyasi plüralizm hökumətin aparacağı bütün islahatların keyfiyyətinin yüksəlməsinə və dövlət idarəçiliyinin yeni çağrışlara tam uyğunlaşdırılmasına zəmin yaradacaqdır".