Bakı metrosu fəaliyyətini dayandırdı, ictimai nəqliyyat iki gün işləməyəcək


Bu gündən etibarən iyulun 20-si saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi 16 şəhər və rayonda - Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl və Mingəçevir şəhərlərində, o cümlədən Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki və Abşeron rayonlarında bütün ictimai nəqliyyatın hərəkəti bu gündən iyulun 6-sı saat 06:00-dək məhdudlaşdırılır. Bununla yanaşı, ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətlər iyulun 11-i saat 00:00-dan iyulun 13-ü saat 06:00-dək və iyulun 18-i saat 00:00-dan iyulun 20-si saat 06:00-dək də tətbiq olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.