Düyməyə basılıb ! – “Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur”

“Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün müharibə tələb edir. Gənclərin küçələrə spontan axışı müşahidə edilib”   

“Ermənistan cəmiyyəti isə müharibə istəmir, çünki onun nəticələrindən qorxur”

“Ermənistan sərhəddəki insidentdən dərhal sonra sağa sola, hara mümkündürsə, şikayət etməyə başlayıb”



Azərbaycanla Ermənistan sərhəddindəki son insident 2016-cı ilin 4 günlük aprel savaşından sonra tərəflər arasında ilk ciddi toqquşma sayıla bilər. 4 ildən sonra Azərbaycanın pilotsuz uçuş aparatları yenə erməni hərbi məntəqələrini hədəf seçdi. Azərbaycan Müdafiə Nazirliyi bu görüntüləri 4 il bundan əvvəl olduğu kimi internetdən yaydı. Bu sərhəddəki insidentin miqyasını göstərdi. 

Ümumiyyətlə 2016-cı ilin aprel savaşı münaqişədə dönüş nöqtəsi sayıla bilər. Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o cümlədən Ermənistanın baş nazirinin Şuşada “andiçmə” mərasiminin təşkilinə səbrli yanaşacaq. Bunu düşünürlərsə, demək Azərbaycan cəmiyyətini yaxşı tanımırlar. 

Mövcud durumu “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu  bildirib ki, bu təxribatlara dünyanın heç bir xalqı səbirli yanaşmaz, o cümlədən azərbaycanlılar da. 



Analitik vurğulayıb ki, Azərbaycan Minsk qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra 2016-cı ilin aprelində düyməyə basıb. Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur:

“Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı, ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki, aprel savaşının nəticəsi olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verib “mərhələli həll” planının reallaşmasına razılıq versəydi, sərhəddəki dünənki insident və buna bənzər hadisələr də baş verməyəcəkdi. 
Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə  televiziya kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilmədi. Dövlət başçısı həmin müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupu həmsədrlərin fəaliyyətinə qiymət verdi.
Birincisi, Prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu İlham Əliyevin qiymətləndirməsidir”.

Politoloqun sözlərinə görə, Prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq:

“İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdib. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğulayıb.
Prezident İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”.

Prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. Prezident ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları  dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!” .

Ölkə başçısı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir”.

E.Şahinoğlu bildirib ki, Azərbaycan prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü:

“Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurəti gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: “Heç kim Aprel döyüşləri yadından çıxmasın”. Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu son deyil”.

Analitikin qənaətincə, Ermənistanın istənilən təxribatı müharibəni alovlandırmaq gücünə malikdir:

“Azərbaycanla Ermənistanın fərqi odur ki, Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün müharibə tələb edir. Məsələn, sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində müharibə tələbləri artıb, gənclərin küçələrə spontan axışı müşahidə edilib.   

Ermənistan cəmiyyəti isə müharibə istəmir, çünki onun nəticələrindən qorxur. Digər tərəfdən ermənilər yanlış olaraq düşünürlər ki, 1990-ci illərdə müharibədə qələbə çalıb istədiklərindən də artıq torpaq işğal ediblər və əsas məqsədləri bu nəticəni qorumaq və leqallaşdırmaqdır. Ancaq sərhəddəki insident göstərdi ki, nə işğalı leqallaşdırmaq, nə də qorumaq mümkündür. O biri tərəfdən danışıqlar nəticə vermirsə və verməyəcəyi bəllidirsə, lokal toqquşmalar və böyük müharibə qaçılmazdır. Ermənistanda yanlış olaraq onu da düşünürlər ki, hazırda Azərbaycan və Ermənistan qorxulu virusla mübarizə aparırsa və bu da faktiki müharibədirsə, Azərbaycan ikinci müharibəyə başlamayacaq. Sərhəddəki insident bu mülahizələrin yanlış olduğunu göstərdi. Pandemiya lokal toqquşmaların və ya müharibənin başlamasına mane olmur”. 

Ekspert qeyd edib ki, sərhəddəki insident Azərbaycanla Ermənistan arasındakı başqa fərqləri də göstərdi:

“Azərbaycan Müdafiə Nazirliyi toqquşma zamanı itkiləri açıqladı. Bu beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın Müdafiə Nazirliyi isə itkilər barədə hələ ki, məlumat vermir. Halbuki, Ermənistanın sosial şəbəklərindən itkilərlə bağlı müzakirələr gedir.

Ermənistan hakimiyyətinin itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəratində erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır.

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz 2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləriylə əlaqəli idi. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən itkilərin açıqlanmasına hazır deyil”.

Politoloq vurğulayıb ki, Ermənistan sərhəddəki insidentdən dərhal sonra sağa sola, hara mümkündürsə, şikayət etməyə başlayıb:

“Xarici işlər naziri Zöhrab Mnasakyan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasosa zəng edib təşkilatın Ermənistana dəstək verməsini istəyib. Bəlkə də insidentin Dağlıq Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə baş verməsi Ermənistanın KTMT-nin və özəlliklə Rusiyanın dəstəyinin artırıllmasına nail olmaqdır.

Hələ ki, bu saata qədər KTMT üzvləri Ermənistana birmənalı dəstək ifadə etməyiblər. Məsələ burasındadır ki, Rusiyadan başqa KTMT-nin digər üzvləri işğalçı dövlətə dəstək vermirlər, çünki üzv ölkələrin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Ermənistan hakimiyyətinin şikayət etdiyi ikinci ünvan ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik olub.

Ermənistanın müdafiə naziri David Tonoyan onunla telefonla danışıb. Bu telefon danışığında Tonoyan sərhəddəki insidentə görə Azərbaycanın günahkar olduğunu sübut etməyə çalışsa da, belə bir cümlə də işlədib: “Ermənistan ordusu təxribatlara ancaq cavab hüququndan istifadə edir. Amma təxribatlar davam edərsə, lazımi mövqelərin ələ keçirilməsi əməliyyatlarını da həyata keçirə bilər”.
Tonoyanın sonuncu cümləsi Tovuzdakı insidentin mahiyyətini ortaya qoyur. Ermənistan ordusu sərhəddə strateji yüksəkliklərə nəzarət etmək istəyir. Azərbaycan ordusu buna imkan verməyərək, yüksəklikləri öz nəzarəti altında saxlamaq əməliyyatlarını davam etdirəcək.

2016-cı ilin aprel ayındakı döyüşlər də məhz strateji yüksəkliyə hansı tərəfin nəzarət edəcəyi uğrunda gedirdi. Nəticədə strateji yüksəkliyi Azərbaycan ordusu ələ keçirdi. Bundan sonra Azərbaycan ordusu Naxçıvan istiqamətində strateji yüksəkliyi nəzarəti ələ keçirdi”.