"Erməni xalqı kriminal rejimin girovu idi, indi isə Soros rejiminin girovudur" - Politoloq


 Regionlara səfər çərçivəsində Balakən rayonunda “Asan” xidmətin regional mərkəzinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət əhəmiyyətli məqamlara toxunub. 

Ermənistanın bugünkü rəhbərliyinin Soros fondunun təsiri altında olan adamlardan ibarət olduğunu vurğulayan dövlət başçısının sözlərinə görə,  bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub:

“Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Ermənistanda indiki hakimiyyət  erməni xalqının nifrət etdiyi əvvəlki hakimiyyətdən fərqlənmir. Soros fondu Azərbaycanda təxribatla məşğul idi, gənclərin beyinlərini zəhərləyirdilər, onları öz dövlətinə qarşı qaldırmaq istəyirdilər”. 

 Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov isə “Sherg.az”-a açıqlamasında deyib ki, erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur.

Onun sözlərinə görə, Ermənistanın Soros kimi digər ölkələrdə inqilablar və təxribatlar yaradan təşkilatlarla əməkdaşlıq etməsi və maliyyələşməsi özü bir daha göstərir ki, dırnaqarası "demokratiya" adı altında imitasiya var:
“Ermənistan həmin fondların, gizli təşkilatların maraqlarına xidmət edir. Bu baxımdan həm Rusiyanı aldadır, həm də Qərbi. Eyni zamanda regionda vəziyyətin gərginləşdirilməsinə çalışır. Rusiya ilə qonşu dövlətlərin, həmçinin, Gürcüstan ilə qonşu dövlətlərin münasibətlərinin gərgin olmasına çalışır. Azərbaycan qarşı torpaq iddiası ilə çıxış edir. Eyni zamanda Türkiyəyə və imkan əldə etdikdə bunu İrana qarşı da edər. Bütövlükdə bu ölkə separatizmlə məşğuldur".

Ekspert əlavə edib ki, Ermənistandakı son inqilab Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub:

"Təsadüfi deyil ki, bu yaxında Soros Ermənistana pandemiya ilə əlaqədər 600 min dollar maliyyə yardımı edib. Əvvəlki hakimmiyyətlərə nifrət olduğu kimi, bu gün də Ermənistanda Paşinyan hakimiyyətinə nifrət formalaşıb. Cənab Prezidentin bildirdiyi kimi, Ermənistanın KTMT-ni diskvalifikasiya etməsi, təşkilatın Baş katibini həbs etməsi, bir il ərzində bu təşkilata yeni Baş katibin təyin olunmasına imkan verilməməsi faktları da ortadadır. Bu məsələlər bütövlükdə həm MDB çərçivəsində, həm də müqavilə çərçivəsində bilinir.
Sorosun əlaltıları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqləri ola bilməz. Onlar bu gün də gizli şəkildə bu fondlardan maliyyə alır. Ölkəmizdə də bu fond vasitəsilə zaman-zaman təxribatlar törətməyə cəhdlər edilib. Lakin bu, baş tutmayıb".