Yeni yaradılan siyasi təşkilat media ilə tanışlığa başladı - FOTOLAR

Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvləri “Şərq” qəzeti redaksiyasını ziyarət edib
 

 Yeni yaradılmış Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvləri “Şərq” qəzeti redaksiyasında olublar. Tanışlıq məqsədi ilə media qurumlarını ziyarət edən partiya rəsmiləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə görüşdə yeni siyasi təşkilat yaratmağa ehtiyac duyduqları, məqsəd və məramları barədə məlumat  veriblər.

Təşəbbüs Qrupunun üzvü Anar Əsədli bildirib ki, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir.





Onun sözlərinə görə, dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur. A.Əsədli deyib ki, pandemiya dövrü siyasi təşkilatlanmanı bir müddət yubatsa da, artıq zamanın yetişdiyinə qərar verilib: “Tanışlıq üçün media rəhbərləri ilə görüşlər keçiririk. Təxminən 2 ildir düşünürdük ki, ölkədə yeni siyasi təşkilata ehtiyac var. Hesab edirdik ki, 90-cı illərin siyasi gəncliyinin iştirakı ilə yeni siyasi qurumın meydana çıxmasına zərurət var. Əgər bunu biz etməsək, başqaları edəcəkdi, çünki yeni dönəm gəlir, yeni nəsil yetişir. Parlament seçkilərində iştirakımız təşkilat yaratmaq prosesini xeyli sürətləndirdi. Gücümüzü, imkanlarımızı dəyərləndirdikdən sonra iyulun 16-da təşkilatı elan etmək barədə qərara gəldik. Təxminən 20-yə yaxın Təşəbbüs Qrupunun üzvü var. Biz sağ-mərkəzçi və milliyətçi ideologiyaya sahibik. Platformamızın qayəsi milliyyətçilik, parlamentli respublika idarəçiliyi, sosial ədalət, sosial mühafizakarlıq - dini, mədəni, etnik irsin qorunması, sekulyarizm və tarixi torpaqların geri qaytarılmasını ifadə edən prinsiplərin rəhbər tutulmasıdır. Problem olmasa noyabr ayında ilk təsis qurultayımızı keçirməyi düşünürük”. 


Xatırladaq ki, Anar Əsədli bu il 9 fevralda keçirilən növbədənkənar parlament seçkisində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olub.

Təşəbbüs Qrupunun digər üzvü Bəhrəm İsmayılov da bəyan edib ki, cəmiyyətin partiyalara olan laqeydliyi onları illərlə tərəddüddə saxlasa da, son aylar yaşanan proseslər ictimaiyyətin kifayət qədər aktiv olduğunu sübuta yetirib:

“Sual oluna bilər ki, ölkədə 50 partiya ola-ola niyə yeni təşkilata ehtiyac duyulur? Uzun illər müşahidə aparsaq da, özümüzü digər siyasi partiyalarda görmədik. Ona görə də yeni demokratik bir siyasi təşkilatın yaradılmasını zəruri hesab etdik”. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qonaqların ziyarətindən məmnun olduğunu dilə gətirərək, yeni siyasi təşkilatın yaradılmasını təqdirəlayiq hesab edib və Təşəbbüs Qrupunun üzvlərinə uğurlar arzulayıb.

Baş redaktor vurğulayıb ki, son dönəmlər qeyri-hökumət təşkilatları meydana çıxsa da, yeni partiyaların yaranmasının şahidi olmurduq. Ona görə belə bir vaxtda yeni siyasi təşkilatların təşəkkül tapması gərəkli və zəruridir. A.Aşırlı rəhbərlik etdiyi “Şərq” qəzeti tərəfindən gənc partiyaya hər cür informasiya dəstəyinin veriləcəyini vurğulayıb. 

Qonaqlar daha sonra “Şərq” qəzetinin nəzdinə yaradılmış Mətbuat Tarixi Muzeyi ilə tanış olublar.