“Fəqət biz daha tək olmayacağıq. Qardaş Türkiyənin dəstəyi ən böyük üstünlüyümüzdür”
“Düşmənlərimizdəki daxili siyasət, ictimai münasibətlər, dünyada Rusiyaya və Ermənistana olan yanaşmalar dəyişib”
“Azərbaycanın haqq səsini isə getdikcə daha çox ölkə eşidir”
Ermənilər nadinc uşaqlar kimi sakit dayanmırlar. Şəmkirdə törədilən növbəti təxribat düşmənin təcavüzkar siyasətinin daha bir bariz nümunəsi idi. Qarşı tərəfin təxribatının qarşısı alınsa da, təəssüf ki, şəhidimiz də olub. Elə isə nə vaxtadək belə davam edəcək? Ekspertlər artıq müharibənin astanasında olduğumuzu düşünürlər. Onların fikrincə, baş verən hadisələr və düşmənin belə həyasızlığı geniş miqyaslı hərbi əməliyyatların işartısıdır.
Vəziyyəti şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a müharibə ehtimalını artıran amilləri sadalayıb:
“İyul toqquşmalarınadək münaqişə elementləri dəyişməz qalırdı. Ancaq sonra Türkiyə də məsələyə müdaxilə etdi. Beləliklə, indi vəziyyət əvvəlkindən fərqli olacaq. Qardaş ölkənin hərbi dəstəyi və münaqişədə iştirakçılığı keyfiyyət dəyişikliyinə səbəb oldu.
Üstəgəl, PKK terrorçularının Dağlıq Qarabağa toplanması toqquşmaların bu dəfə lokal xarakter daşımayacağını deməyə əsas verir.
Növbəti bir məqam prezident İlham Əliyevin də son çıxışında dediyi kimi, alternativ cəbhələrin açılmasıdır. Eyni tədbir düşmən ölkədə də görülür. Deməli, bu dəfə Azərbaycan daha təsiredici formada hərbi reaksiya göstərməlidir”.
Ə.Əlibəyli, həmçinin Rusiyanın mövqeyindən də söz açıb:
“Dediyim kimi, xeyli keyfiyyət dəyişikliyi olub. Eyni qalan isə Rusiyanın fikridir. Moskva ilə diplomatik danışıqlarımıza, əməkdaşlıqlarımıza rəğmən, onun bitərəfliyi təmin olunmur.
Toqquşmalar olacağı təqdirdə Kreml yenə də Ermənistanı dəstəkləyəcək. Amma nəzərə almaq lazımdır ki, düşmənlərimizdəki daxili siyasət, ictimai münasibətlər, dünyada Rusiyaya və Ermənistana olan yanaşmalar dəyişib. Azərbaycanın haqq səsini isə getdikcə daha çox ölkə eşidir.
Bir daha deyirəm, hərbi əməliyyatlar zamanı Rusiyanı qarşımızda görəcəyik. Fəqət biz daha tək olmayacağıq. Qardaş Türkiyənin dəstəyi ən böyük üstünlüyümüzdür”.