Bu gündən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.
"Sherg.az"ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb.
Dövlət başçısı 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edib.
Fərmana əsasən, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.
Fərmanda qeyd olunur ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin, xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün.
Komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini Daxili İşlər Nazirliyi təmin edəcək.
Fərmana əsasən, hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq ediləcək.