Mehriban Zeynalova: Bu qurumun fəaliyyətinə böyük ehtiyac olacaq

Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Ailə Məcəlləsinə uyğun olaraq
yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya həyata keçirəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, komissiya təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılmasını təmin edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, indi himayədar ailə olan və qəyyumluq məsələsi problemləri ilə bağlı vəziyyət dəyişdikcə, bu qurumun fəaliyyətinə böyük ehtiyac olacaq: 

“Çünki orada mütəxəssislər olmalıdır. Bəzi hallarda qəyyumluğun verilməsində yanlışlıqlar olur. Düşünürəm ki, müstəqil qurum olmalıdır ki, digər qurumlar hər hansı müdaxilələr edə bilməsin. Məsələn, İcra Hakimiyyətinin nəzdində bəzi qurumlar tam müstəqil deyil. İstənilən halda icra hakimiyyətləri müəyyən müdaxilə edə bilir. Amma bu qəyyumluq, müstəqil qurum olsa və düzgün, peşəkar formalaşsa uşaqların himayədarlığa, qəyyumluğa verilməsi zamanı daha düzgün araşdırma aparılar. Çünki araşdırma aparmaq üçün vaxt, faktları təsdiqləmək üçün isə ayrıca əməkdaşlar lazımdır. Qəyyumluq və himayədarlıq icraların nəzdində olduğuna görə, bir çox hallarda yanlışlıqlar olur. Ümumiyyətlə icralar bir işə deyil, bir çox işə cavab verirlər. Bu da nəticədə uşağın gələcək həyatına təsir edə biləcək qərardır. Bu orqanın müəyyənləşməsini müsbət qarşılayıram”.