Düşmən bilsin ! - “İstənilən silahı havadaca neytrallaşdırılacaq“

“Azərbaycan ordusu bu qədər əminliklə düşmənə bildirir ki, təxribatına adekvat cavab veriləcək”

“Bu, həm də Ermənistanın “İsgəndər” taktik raket komplekslərinə dair hədələrinə adekvat cavabdır”


Oktyabrın 6-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb. Nazir qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.

Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.



Bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ramil Məmmədli sözügedən açıqlamanın əhəmiyyətini belə şərh etdi:

 “Azərbaycan silahlı qüvvələrinin arsenalında yüksək dəqiqliklə düşməni məhv edə biləcək müxətlif növ silahlar, o cümlədən yaylım atəş sistemləri, artilleriya qurğuları və taktik raket kompleksləri var.

Onlar hədəfi müxtəlif məsafələrdən vura bilirlər. Həmçinin kamikadze dronlarımız, PUA-larımız, uçan silahlarımız da düşmən üçün qorxuludur.

Ümumiyyətlə, bizim qarşı tərəflə silah ehtiyatımız müqayisə edilməzdir. Ona görə Azərbaycan ordusu bu qədər əminliklə düşmənə bildirir ki, təxribatına adekvat cavab veriləcək.

Bu, həm də Ermənistanın “İsgəndər” taktik raket komplekslərinə dair hədələrinə adekvat cavabdır. Əslində həmin silahlara qarşı heç bir problemimiz yoxdur. Bizim hava hücumundan müdafiə sistemlərimiz düşmənin istənilən silahını havadaca neytrallaşdırmağa qadirdir”.