Prezident İlham Əliyev: Minsk qrupunun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirmir


Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın RBK telekanalına müsahibəsində "Türkiyə daha böyük rol oynamalıdır" frazasının arxasında hansı mənanın durduğu barədə suala cavabında səsləndirib.

"Fikrimcə, bu barədə danışmaq hələ tezdir, çünki mən Azərbaycan tərəfin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır", - deyə dövlətimizin başçısı bildirib.

Son vaxtlar bir sıra qaynar nöqtələrlə bağlı ölkələrin mövqelərini razılaşdırmaq üçün bir sıra yeni əməkdaşlıq formatları yaradıldığını qeyd edən Prezident İlham Əliyev deyib: "Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir.