İki şəhid qardaş...

Məlum oldu ki, çoban Xanış kimi kişi övladlarını, nəvələrini də Vətənə layiq böyüdüb

"Mərhum Heydər Əliyev onun xətrini çox istəyirdi, hörmət edirdi. Heydər Əliyev belə sadə insanlara həmişə xüsusi rəğbət bəsləyib"

Müqəddəs Vətən savaşında şəhidlik zirvəsinə ucalanlar arasında 2 qardaş - Elgün və Altay da var.  Vətənimizin bu qəhrəman oğulları Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dostu kimi tanınan lerikli çoban Xanışın nəvələridir. 

Çoban Xanış Azərbaycan xalqına yaxşı tanış idi. Onun şəxsi fermer təsərrüfatından ümummilli liderə hər il hədiyyə gətirməsi mərhum Heydər Əliyev tərəfindən rəğbətlə qarşılanırdı. Mərhum prezident bu sadə insanı sevinclə qəbul edir, onunla həmsöhbət olurdu. Çoban Xanış Şahıyev qabaqcıl fermer təsərrüfatının başçısı və xeyriyyəçi kimi tanınırdı. 

İndi isə bu da məlum oldu ki, çoban Xanış övladlarını, nəvələrini yüksək dəyərlərlə tərbiyə edib. Verilən məlumata görə, Xanış Şahıyevin nəvəsi, 2002-ci il təvəllüdlü Mövlanov Elgün Tahir oğlu sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 
Müddətdən artıq xidmət edən hərbi qulluqçu olan qardaşı, 20 yaşlı Altayın qardaşının ölümündən xəbəri olmayıb. Elgünün ölüm xəbərini təsadüfən döyüş meydanında eşidib. Hərbi hissə komandiri Altayı yanına çağırıb, qardaşının şəhid olduğunu xəbər verib, dəfn üçün məzuniyyətə getməli olduğunu deyib. O isə məzuniyyətə getməkdən imtina edib, qardaşının qisasını almayınca heç yerə getməyəcəyini söyləyib. Döyüşçü yoldaşlarının dediyinə görə, Altay “qardaşımın qisasını alım, müharibədən sonra məzarını ziyarət edərəm” deyib.

Amma qardaşının ölümündən bir ay sonra – oktyabrın 30-da (həmin gün Altayın anasının ad günü imiş) Füzuli uğrundakı döyüşlərdə şəhid olub. Altayın ruhu Vətən torpağına və şəhid qardaşının ruhuna qovuşub. 

Altayın cibindən hərbi hissənin ona qardaşının yasında iştirak etmək üçün verdiyi 7 günlük buraxılış kağızı da tapılıb. Qeyd edilir ki, Altayla Elgünün iki əmisi 1-ci Qarabağ müharibəsində şəhid olub, iki əmisi isə ağır yaralanıblar.

Şəhid qardaşların atası Tahir Mövlanov tək təsəllisinin övladlarının qanının yerdə qalmaması olduğunu deyib: “Balalarımın qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad olundu”.

Şəhid qardaşların anası Sevda Novruzovanın yeganə arzusu övladlarının adının əbədiləşdirilməsidir. 

2 şəhid qardaş haqqında danışan millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qürur yerimiz, fəxrimiz olduğunu dedi: 

- Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin hər biri bizim üçün böyük fəxrdir. Onların xatirəsi həmişə ürəyimizdə yaşayacaq. Azərbaycanın qəhrəman övladları döyüşdülər, qələbəmiz, ərazi bütövlüyümüz, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid oldular. Onlar Vətənin gələcəyi naminə, bizim təhlükəsizliyimiz üçün qurban getdilər. Canlarını Vətənə qurban verdilər. Şəhid kimin övladıdır, kimin nəvəsidir, belə bir seçim, ayrı-seçkilik olmamalıdır. Şəhidlərimizin hər biri bizim qürurumuzdur. 44 günlük müharibə göstərdi ki, Azərbaycan xalqı Vətən uğrunda bir yumruq kimi birləşə bilir. Cənab Prezidentin də dediyi kimi, biz düşməni dəmir yumruğumuzun gücünə məğlub etdik. Vətən müharibəsində region səhbəti olmadı, bütün xalq birləşdi, səfərbər oldu və düşmənə qalib gəldi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdır və hər birinin də qəlbi Azərbaycanla döyünür. 

Millət vəkili çoban Xanışı yaxşı xatırladığını dedi: 

- Onun ulu öndərlə görüşləri, söhbətləri yadımdadır. Mərhum Heydər Əliyev onun xətrini çox istəyirdi, hörmət edirdi. Heydər Əliyev belə sadə insanlara həmişə xüsusi rəğbət bəsləyib. Belə məlum olur ki, mərhum Xanış Şahıyev də övladlarını Vətənə layiq böyüdüb. Mən hər iki şəhid balamızın ailəsinə başsağlığı verirəm. Və belə övladlar böyütdükləri üçün onlara dərin ehtiramımı bildirirəm.