Gözləntilər böyükdür

Daha müraciət edəcəyimiz, qapısını döyəcəyimiz konkret ünvan olacaq

Prezidentin yeni fərmanından sonra şəhid ailələrinin və qazilərin problemləri vaxtında həllini tapacaq


Qələbə ilə başa çatan Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olması müharibədən sonrakı dövrdə dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlarda özünü göstərir. Bunu ən bariz nümunəsi şəhid ailələri, yaralı əsgər və zabitlərin ehtiyaclarının ödənməsi məqsədilə yaradılmış “Yaşat” Fondudur. Məlumdur ki, Fond artıq fəaliyyət göstərir və şəhid ailələri, yaralı əsgərlərin, zabitlərin, ümumilikdə isə Birinci Qarabağ savaşı, istərsə də Vətən müharibəsi iştirakçılarının ehtiyaclarının öyrənilməsi istiqamətində iş aparılır. 

Müharibə iştirakçılarına qayğının daha da artırılması məqsədilə bu günlərdə Prezident İlham Əliyev tərəfindən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmana dəyişikliyi nəzərdə tutan digər bir fərman imzalanıb.  

Dəyişikliyə əsasən Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır.
Dəyişikliyə əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyətlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan və Mingəçevir Şəhər İcra hakimiyyətləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, Yevlax və Şəki Şəhər İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra hakimiyyətlərinin aparatlarının strukturunda bununla əlaqədar müvafiq dəyişiklik edilib.
Eyni zamanda Azərbaycanın digər rayonlarında da yeni şöbənin yaradılması ilə "Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu"nda müvafiq dəyişiklik edilib.

Yeni fərman icra orqanlarının məsuliyyətini artırır
 
Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev “Şərq”ə açıqlamasında Prezidentin imzaladığı fərmanın müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşması istiqamətində növbəti mühüm addım olduğunu dedi: 

- Belə bir fərmanın imzalanması çox lazımlı, zamanında verilmiş qərardır. Bu fərman qazilərin, müharibə iştirakçılarının problemlərinin həllini tezləşdirməkdə, problemlərin həllini əlaqədar strukturlar qarşısında qaldırmaq və həllini tələb etməkdə bizə çox kömək edəcək. Paytaxtda, regionlarda icra strukturları fərqli iş prinsipinə malikdir. Qazilərə, müharibə iştirakçılarına hamısı eyni münasibət bəsləmir. Eləsi var, müəyyən bir məsələ ilə bağlı müraciət edirsən, müsbət reaksiya ilə qarşılaşırsan, məsələnin həllinə tez göstəriş verir, problemi həll edirlər. Amma elələri də olur ki, səhlənkar yanaşırlar. Diqqət göstərmirlər. Amma bu fərmanın imzalanması ilə bizim müraciət edəcəyimiz, qapısını döyəcəyimiz konkret ünvan olacaq. Artıq biləcəyik ki, hara, hansı şöbəyə müraciət edilməlidir. Bir növ müraciət edəcəyimiz ünvan, vəzifəli şəxs konkretləşir. Bu da əlbəttə çox müsbətdir, gözləntilərimiz böyükdür. 

Birlik sədri qeyd etdi ki, Qarabağ Qaziləri Birliyi həmişə müharibə iştirakçılarının problemlərinin həllində aktiv iştirak edib: 

- Konkret şöbələr olmadığı vaxtlarda da bizim ictimai birlik qazilərin, müharibə veteranlarının problemləri ilə məşğul idi. Müalicəyə ehtiyacı olanların müalicəsinin təşkili üçün Qarabağ Qaziləri İctimai Birliyi səhiyyə müəssisələri ilə əlaqə yaradırdı, səhhətində problem olanları səhiyyə müəssisələrinə yönləndirirdi. Son dövrdə 10-12 nəfər qazini, həmçinin onların ailə üzvlərinin də ürək-damar tıxanıqlığı probleminin həllinə nail olmuşuq. Biz fədakar, heç bir qarşılıq ummadan qazilərə xidmət edən həkimlərə minnətdarıq. Amma elə də olur ki, qazinin səhhətində yaranmış problemlə bağlı səhiyyə müəssisəsinə müraciət etmişik, cavab verməyiblər, kömək göstərməyiblər. Hər cür halla qarşılaşırıq. Qazinin, müharibə iştirakçısının köməksiz vəziyyətdə qaldığını görmək, əlbəttə, çox ağırdır. Amma Prezidentin imzaladığı fərman bizim işimizi asanlaşdırır, icra orqanlarının da üzərinə məsuliyyət qoyur. Bundan sonra icra hakimiyyətləri daha da məsuliyyətlə işləməli, köməyə, yardıma ehtiyacı olan qazilərin müəyyənləşməsində, onların problemlərinin həllinə çalışmalıdırlar.  

Müharibə iştirakçılarının problemləri operativ həll olunmalıdır         

Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması mütəxəssislər tərəfindən müsbət dəyərləndirilir. Fərmanda Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayında dəyişiklik edilməsi nəzərdə tutulur. Qeyd edək ki, yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq. 
İmzalanmış fərmanla bağlı fikirlərini “Şərq”ə bildirən millət vəkili Cavid Osmanov vurğulayıb ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir: 

- Birinci Qarabağ savaşının şəhidləri və onların ailə üzvləri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən hər zaman ardıcıl tədbirlər həyata keçirilib. Əlbəttə ki, qələbə qazandığımız Vətən müharibəsindən dərhal sonra da Cənab Prezidentimiz tərəfindən bir sıra sərəncamlar imzalandı. Müharibə iştirakçıları, qəhrəman əsgər və zabitlərimiz orden və medallarla təltif edildilər.

Onlara verilən müavinətlərin həcmi artırıldı. Prezidentimiz tərəfindən həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar həyata keçirilir. Cənab Prezident bu günlərdə keçirdiyi müşavirədə Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillərin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə verilərək, növbəlilik əsasında Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə verilməsinin həyata keçirilməsini də vurğuladı. Xatırladım ki, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə "YAŞAT" fondu yaradılıb. Bu fond da həmin ailələrin problemlərinin həllində mühüm rol oynayacaq. İcra hakimiyyətlərində qazilər və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması bu qəbildən olan tədbirlərin davamıdır. Bu çox gözəl təşəbbüsdür və təqdirəlayiqdir. Çünki məhz bunun sayəsində həmin yerlərdə hər bir şəhid ailəsinin, Qarabağ əlilinin problemləri dərhal və operativ şəkildə həll olunacaq. Bu isə vacib məqamdır. Onların müraciətinə operativ şəkildə baxılacaq və yerli icra hakimiyyətində fəaliyyət göstərən bu şöbə daim onların qayğıları ilə məşğul olacaq.

Qərarlar müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşmasına yönəlib
 
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bir sıra vacib məqamlara toxundu. Prezident işğaldan azad edilmiş ərazilərdə məskunlaşma ilə bağlı mühüm göstərişlər verdi. Həmçinin qeyd etdi ki,  məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər bundan sonra şəhid ailələrinə veriləcək: “Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir. Onu da bildirməliyəm ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək”.

Qeyd edək ki, Prezidentin qərarlarının icrası istiqamətndə işlərə başlanılıb. 

“Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Söhbət 4700-ə yaxın çoxmənzilli qəsəbələrdən və hündürmərtəbəli yaşayış komplekslərindən gedir”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. Onun sözlərinə görə, həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin, Samux və Lənkəran rayonunun ərazisində inşa edilib: “Bu mənzillər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri bütün zəruri olan sosial texniki infrastrukturla təmin edilib, yaşayış üçün tam hazırdırlar”.

F.Hüseynov qeyd edib ki, həmin mənzillərin paylanılma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan evlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərə artıq başlanılıb.

O qeyd edib ki, yeni mənzil proqramı Vətən müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək. Aidiyyəti qurumlarla proqramların hazırlanması və icrası istiqamətində detallar müzakirə olunacaq. Bu barədə geniş məlumat veriləcək. Məcburi köçkünlər işğaldan azad edilmiş doğma yurdlarına qayıtdıqdan sonra bu mənzillərlə bağlı məsələyə də baxılacaq.

Erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın işğaldan azad edilən torpaqlara qayıtması, orada məskunlaşması Azərbaycan insanının illərdır həsrətində olduğu məsələdir. Məcburi köçkünlər üçün tikilmiş evlərin dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşmüş, Vətən torpağının müdafiəsində iştirak etmiş Ana torpaq üçün can qoymuş igidlərə və onların ailə üzvlərinə, yaralı qazilərimizə verilməsi də çox gözəl təşəbbüsdür.

Məlumdur ki, şəhid ailələri və Qarabağ qaziləri arasında aztəminatlı və mənzil şəraiti pis olanlar var. Belə bir qərarla bu insanların da mənzil şəraiti yaxşılaşacaq, sosial problemləri həllini tapmış olacaq.