15 İyun Azərbaycan dövlətçiliyində yeni eranın başlanğıcı oldu - ŞƏRH

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun- Milli Qurtuluş Günü xüsusi əhəmiyyətə malikdir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə yadda qalıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas olmasında həlledici rol oynadı. Ümumilli liderin gəlişi müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün möhkəm təməl yaratdı.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a 15 İyun- Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilasında və möhkəmlənməsində oynadığı roldan danışıb:

"Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev hələ Sovet dövründən Azərbaycan xalqının lideri kimi qəbul etdiyi böyük tarixi şəxsiyyət idi. 

Çünki sistem ideoloji və sovet sistemi olmasına baxmayaraq, Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqına xidməti, Azərbaycan Respublikasının və Bakı şəhərinin milliləşdirilməsi istiqamətində atdığı addımlar, çoxsaylı müəssisə və fabriklərin tikilməsi onun xalq arasında nüfuzunu daha da artırdı. Rayonlardan azərbaycanlıların paytaxta gətirilməsi və Bakının həddindən artıq kosmopolit demoqrafik tərkibinin dəyişməsi də, onu xalqımızın lider kimi qəbul edilməsinə səbəb oldu. Uzun illər Moskvada işlədiyi dövrdə də Azərbaycanın və digər türk respublikalarının maraqlarını himayə etməsi, Azərbaycan və türk-müsəlman xalqlarının diqqətindən kənarda qalmadı. Ona görə də 90-cı illərin əvvəllərində Azərbaycana qarşı törədilən cinayətlər, xüsusilə də 20 Yanvar hadisələri zamanı böyük dövlət xadimi, Ulu Öndər əsl milli lider kimi çıxış edərək Kommunist Partiyasından imtina edərək Sovet imperiyasını Azərbaycan xalqına qarşı cinayətdə ittiham etdi. Bütün bunları da cəmiyyətimiz yüksək təqdirlə qarşılanırdı".

Parlamentari Ulu Öndərin yenidən hakimiyyətə qayıdışını dövlətçilik tariximizin dönüş nöqtəsi kimi qiymətləndirib:

"Bütün bu səbəblərdən 90-cı illərin əvvəllərində milli dövlətçiliyimiz təhlükə altına düşəndə, ölkəmizdə vətəndaş qarşıdurması baş qaldıranda və dövlətçiliyimiz dağılmaq təhlükəsi ilə üzləşəndə, Azərbaycan xalqı yenidən dövlətçilik yaddaşı ilə böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevə üz tutdu. Onun Azərbaycanda hakimiyyətə gəlməsi üçün təşkilatlandı. Nəticədə, Ulu Öndər 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməklə müstəqil Azərbaycan dövlətçiliyinin yeni erasının əsasını qoydu.

Görülən işlər böyük idi". 

Deputat vurğulayıb ki, 15 İyun- Milli Qurtuluş Günü Qarabağın işğaldan azad olunmasına aparan yolun başlanğıcı idi:

"Bu dövr ərzində baş verən hadisələri təhlil edən hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyev irsinin və onun gördüyü işlərin Azərbaycan dövləti və xalqı üçün nə qədər böyük əhəmiyyət daşıdığını aydın şəkildə görə bilər".