“Metsamor” region üçün təhdiddir:“Ermənistana təzyiq göstərilməlidir”

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada deyilir:
“Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik”.
 Sənəddə, həmçinin Ermənistandakı “Metsamor” stansiyası ilə bağlı narahatlıq ifadə olunub: 

“Bu çərçivədə Ermənistandakı “Metsamor” AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi “Metsamor”u dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə, Ermənistan “Metsamor” AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir”.



Politoloq Zaur Məmmədov rəsmi İrəvanın sözügedən inadkarlığına dair fikirlərini “Sherg.az”la bölüşdü:

“Region üçün təhdid olan obyektlərdən biri də Ermənistandakı AES-dir. O, uzun on illiklər əvvəl tikilib və istismar müddəti çoxdan başa çatıb. Bunu Ermənistan rəhbərliyi özü də bilir. Hazırda “Metsamor”un gələcəyi barədə Rusiya və Fransa ilə danışıqlar aparılır. Lakin hələ də stansiyanın fəaliyyəti dayandırılmayıb. Bu isə region, o cümlədən Azərbaycan, Türkiyə, İran, Gücüstan, Rusiya və Ermənistanın özü üçün təhlükədir. Hər halda Çernobıl faciəsi hər kəsin gözü önündə yaşanıb. İkinci belə bir fəlakətin yaşanmamasından ötrü müvafiq beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidirlər.
Müxtəlif vaxtlarda onlardan bəziləri həmin məsələni gündəm gətirsələr də, bunu sonadək davam etdirməyiblər. Dediyim kimi, “Metsamor” AES region üçün ciddi təhdiddir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanın inadkarlığını pisləməlidir”.