Prezident mesaj verir: “Burdayıq və torpaqların sahibi bizik”

Dünən Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Dövlətimizin başçısı və Birinci xanım Zəngilan məscidinə gələrək məscidin divarına daş hörüblər.
Prezident Zəngilan məscidinin qarşısında çıxışı zamanı qeyd edib:
“Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”.



Məlum səfərlə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bildirib ki, noyabrın 10-dan sonra cənab Prezidentin azad olunmuş ərazilərimizə səfərlərinin sayı yetərincə çoxdur:

“Ölkə başçısı işğaldan azad olmuş, düşməndən təmizlənmiş ərazilərimizə səfər edir. Bu gün yazın-baharın gəlişini qarşılayan azad etdiyimiz torpaqlarımıza baş çəkir.

Həmin torpaqlardakı meşələr və bulaqlar düşmənsiz baharı qarşılayır. Cənab Prezident və ailə üzvləri ilin bu gözəl fəslində çayda əl-üzünü yumağı, apardığı hörgü işi hər bir vətəndaşa qürur verir”.

Deputatın sözlərinə görə, Prezidentin azad edilmiş ərazilərə gedişi məqsədlidir:

“Bu səfərlər onu göstərir ki, həmin ərazilərdə hər bir şey ölkə başçısının nəzarətindədir. Ölkə başçısı hər səfərdən sonra verdiyi tapşırıqları növbəti dəfə nəzərdən keçirir. Yəni biz torpaqlarımıza qayıtmağa tələsirik. Prezidentin verdiyi bütün tapşırıqlar da torpaqlarımıza tez qayıtmağımız üçün yerinə yetirilir. Ölkə başçısı hər dəfə torpaqlarımıza səfəri zamanı düşmənə mesaj verir ki, biz burdayıq və torpaqların sahibi bizik!”.