Fenomenal taleyə sahib QADIN – ZƏRİFƏ ƏLİYEVA

“O, Azərbaycan qadınının ölkəmizdə və  dünyada bariz bir simvoludur”

“Azərbaycan və dünya Oftalmologiya elminə öz möhrünü vurmuş bir akademikdir”


Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.



Millət vəkili Jalə Əliyeva “Sherg.az”a açıqlamasında bildirib ki, bütün Azərbaycan xalqı Zərifə xanım Əliyeva kimi qadınlarımızla fəxr edir:

“Bu gün 20-ci əsr müasir Azərbaycan qadınının həm ölkəmizdə, həm də dünyada bariz bir simvolu olan Zərifə xanım Əliyevanın doğum günüdür. O, sadəcə doğulub-böyüdüyü ailənin deyil, bütün Azərbaycan xalqının və qadınlarının simvoluna çevrilməyi bacardı. Zərifə xanım istər atası Əziz Əliyev, istər həyat yoldaşı Heydər Əliyev, istərsə də boya-başa çatdırdığı oğlu İlham Əliyev kimi böyük şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin qızı, həyat yoldaşı və anası olmaqla fenomenal taleyə sahib bir qadındır. Belə bir ailədə qadın rolunu oynamaq heç də hər zaman asan olmur. Bu yolun çətinlikləri, keşməkeşləri Zərifə xanımın həyatından keçib. Ailənin formalaşmasında qadın obrazı olaraq Zərifə xanımın çox böyük rolu var”.

Xanım parlamentari qeyd edib ki, Zərifə Əliyeva eyni zamanda Azərbaycan və dünya Oftalmologiya elminə öz möhrünü vurmuş bir akademikdir:

“O zamanlar mövcüd olmayan göz xəstəliklərinin müalicəsinin tapılmasında, elmi funksiyaların verilməsində Zərifə xanımın rolu əvəzsizdir. Zərifə Əliyevanı ehtiramla anır, onun ruhu qarşısında baş əyirik. Arzu edirik ki, Zərifə xanım kimi qızlarımız və qadınlarımızın sayı çox olsun”.