907-ci düzəliş dayandırıldı:“ABŞ-a problemlər yaradırdı”

Dünən ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. E.Blinken Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib. Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib.


Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.
E.Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.

Məlum telefon danışığını “Sherg.az”a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, 907-ci düzəlişlə əlaqədar yeni söz demək çətindir:

“Çünki hər kəs bilir ki, bu, 1992-ci ildə tamamilə erməni diasporunun təzyiqi nəticəsində qəbul olunan bir düzəliş idi. Ona görə də düzəliş demək olar ki işləmirdi. Səbəb isə Azərbaycanın buna qarşı çıxması deyildi. Əslində 907-ci düzəliş ABŞ-ın fəal siyasətini aparmaq üçün bir növ problemlər yaradırdı. Bu düzəliş  Amerikanın iqtisadi fəallığını da məhdudlaşdırdı”.

T.Zülfüqarov 907-ci düzəlişin müvəqqəti dayandırılmasının müsbət hal olduğunu vurğulayıb:

“Amma bir məqamı qeyd etmək lazımdır. Telefon danışığı zamanı başqa məsələlərə də toxunuldu. Ölkə başçısı danışıq zamanı Türkiyəni dəstəkləyən mövqeyini ortaya qoydu, Baydenin “soyqırım” bəyanatının qəbuledilməz olduğunu diqqətə çatdırdı. Əslində Baydenin bu bəyanatı səsləndirməsi onu göstərir ki, burada əsas məqsəd Türkiyəyə təzyiqlər yox, ilk növbədə erməni auditoriyası üçün ünvanlanıb.

Çünki bir neçə müddətdən sonra Ermənistanda vacib seçkilər keçiriləcək. Əsas sual isə ondan ibarətdir ki, rəsmi İrəvan gələcəkdə hansı siyasəti həyata keçirəcək? Köhnə ruspərəst siyasətini, yoxsa qərbyönümlü siyasət?

Baydenin “soyqırım” bəyanatında əsas məqsədi Qarabağda məğlubiyyətdən sonra zəifləmiş Ermənistan qüvvələrinə dəstək verməklə ruspərəst qüvvələrlə rəqabət aparmaq idi. Amma amerikalı və azərbaycanlı rəsmilər səsləndiriblər ki, bu bəyanatın hüquqi və siyasi nəticələri ola bilməz. Fikrimcə, bəyanat sadəcə olaraq tarixi təhrif etmək cəhdi idi”.