DTX rəisinin Gürcüstan səfəri: “Bəzi qüvvələr münasibətləri soyuq müstəviyə...”

“Səfərin bağlı qapılar arxasında olan hissələri prinsipial dövlət məsələlərinə həsr olnub”

“Bunun müsbət nəticələrinə inanırıq”

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev rəsmi səfərdə oldu. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.


General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.



Səfərin əhəmiyyətini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) idarə heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, son illər ərzində dövlət təhlükəsizlik orqanları həqiqətən də regional və beynəlxalq təhlükəsizliyimizin qorunmasında cənab Prezident tərəfindən müəyyənləşmiş prinsipial xəttə uyğun olan peşəkarlıqla çalışmaqdadırlar:

“44 günlük zəfər hərəkatımız dövründə ölkə başçısının dilindən açıq şəkildə eşitdik ki, düşmən tərəfin qəbul etdiyi məxfi qərarlar masaya daşınan zaman həmin qərarlardan məlumat almaq imkanında idi. Bu, o deməkdir ki, əks-kəşfiyyat sistemi yenidən qurulub. Bunlar gözəgörünməz cəbhədə bir tərəfdən dövlətə, milli maraqlara sədaqət, digər tərəfdən peşəkarlıqla meydana gəlir. Eyni zamanda keçmiş zamanlarda həmin sturukturlarda yol verilən nöqsanların aradan qaldırılması üçün gecə-gündüz çalışma və xalqımızın rəğbətini əldə etmə, regional və beynəlxalq dairələrdə özümüz üçün etibarlı partnyorluq tapmaq, müxtəlif ölkələrlə müştərək əlaqələr hesabına reallaşır. Bu, həm də o deməkdir ki, təhlükəsizlik orqanları Azərbaycanın silahlı sturukturlarının sanki biri kimi yer alırlar.

Delimitasiya və demarkasiya məsələsini xatırlatmaq istərdim. Son aylarda həm Moskvada keçirilən toplantıda, həm də digər üçtərəfli formatlarda aparılan danışıqlarda dövlət rəhbəri onlara çox böyük etibar etdi”.

Z.Oruc qeyd edib ki, Əli Nağıyev həqiqətən də DTX sistemində formalaşan və Ulu Öndərin müəyyənləşdirdiyi mühüm prinsiplərə layiq fəaliyyət aparmağa və Azərbaycanın bu yöndə öz vətəndaşlarından bu sistemdə təşkil olunmasına çalışan bir şəxsdir:

“Belə olan təqdirdə bizə müxtəlif formada Ermənistan məğlubiyyətinin əvəzini çıxmağa çalışan digər dairələr biləndə ki, ermənilər heç nəyə qadir deyillər, onda müxtəlif təxribatlar törətməyə çalışırlar. Gürcüstan siyasi elitası 44 günlük savaş dövründə bizimlə düzgün rəftar etdi. İstər Ulu Öndərin, istərsə də cənab Prezidentin müəyyənləşdirdiyi xəttə uyğun olaraq Gürcüstana göstərdiyimiz dostluq, qardaşlıq, etibarlı partnyorluq münasibətlərinə adekvat davrandılar. Lakin bununla bərabər Gürcüstanın siyasi palitrası çox zəngindir, orada millətçi şovinist dairələr və qüvvələr var. Müxtəlif regional və beynəlxalq qüvvələr var ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətləri soyuq müstəviyə daşımaq istəyirlər. Hesab edirəm ki, səfərin bağlı qapılar arxasında olan hissələri prinsipial dövlət məsələlərinə həsr olnub və bunun müsbət nəticələrinə inanırıq”