22 yaşlı XTQ:“Ermənistan ordusunun onurğa sütununu sındırdı”

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür. XTQ-nin təşəkkül tapmasından 22 il ötür.
Azərbaycan Xüsusi Təyinatlı QüvvələriQüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri də xüsusi rol oynayıb.
Azərbaycan XTQ İkinci Qarabağ müharibəsində şanlı zəfəri qazanmağımız üçün ən böyük töhfəni verdi. Məhz bu qüvvələrimizdən gözləntilər kifayət qədər böyükdür.



Azərbaycan XTQ-nin hansı səviyyədə olduğuna dair “Sherg.az”a danışan Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev XTQ-nın yaranmasını mütərəqqi hal hesab edir:

“XTQ 1999-cu ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ulu öndər XTQ-nin komandanı kimi cənab Hikmət Mirzəyevi təyin etdi. O, XTQ yarandığı gündən bu günə qədər XTQ komandanı olub. Hərbi formanı geyinən bütün oğullar başımızın tacıdır, hamısı ilə fəxr edirik. Lakin XTQ-də olanların hər biri seçilmiş şəxslərdir. Tüzlərlə, minlərlə adam XTQ kurslarına yazılır və onların içində maksimum 10 nəfəri XTQ üzvü olur. Onlar bizim qürur mənbəyimizdir. Şuşanın alınması zamanı bütün beynəlxalq media XTQ-lərimiz barədə yazdı ki, erməni əsgərlərinin meyitləri boğulub və bıçaqla öldürülüb. Azərbaycanın XTQ-sini bütün dünya gördü”.

N.Mehdiyev vurğulayıb ki, XTQ-lərimiz 1999-cu ildə yaransa da, 2016-cı ilə qədər maksimum 100 min əhalimizin onlar barədə məlumatı olub:
“Orada xidmət edənlərin yaxın ətrafı bilib ki, Azərbaycanda belə qüvvələr var.

Aprel döyüşləri XTQ-lərimizi bütün dünyaya tanıtdı. XTQ-lərimizin ilk şəhidi 2014-cü ildə kapitan Məmmədov Fikrət olub. Döyüş tapşırığını yerinə yetirib qayıdanda onu arxadan vurmuşdular.

Aprel döyüşlərində bütün ermənilər bilirdilər ki, onların üzərinə kimlər gələcək. 2016-cı ilə qədər Azərbaycan xalqı XTQ-ləri tanımasa da, bütün Ermənistan ordusu və xalqı tanıyırdı. Sadəcə bunu ictimaiyyətə çatdırmırdılar. İndiyə qədər XTQ tərkibində nələr etdiyimizi qismən də olsa, danışırıq”.

Qarabağ qazisi qeyd edib ki, XTQ-lərimiz Ermənistan ordusunun birbaşa onurğa sütununu sındırdı:

“Zəfər döyüşü və Şuşanın alınması bunun sübutu oldu. Kimsə XTQ-lərin tərkibindəki müxtəlif əziyyətlər barədə danışırdı. Təbii ki, bunların hər biri yaxşılığımız, müvafiq kursu və missiyanı keçməyimiz üçündür. Həmin əziyyətin bəhrəsini Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində gördük. Təlimdə tər tökən, döyüşdə qan tökər”.