Üç erməni qaytarıldı:“Azərbaycana qarşı beynəlxalq təzyiqlər...”

Daha üç hərbi əsir Azərbaycandan Ermənistana qaytarılıb. Onları gətirən təyyarə İrəvanın “Erebuni” aeroportuna enib. Bildirilib ki, onların geri verilməsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səyləri nəticəsində və Azərbaycana qarşı beynəlxalq təzyiqin artması fonunda baş tutub.
“Biz ümid edirik ki, bu proses öz məntiqi davamını alacaq və tezliklə başa çatacaq”, – baş nazir müavini səlahiyyətlərinin icraçısı Tiqran Avinyanın ofisindən deyiblər.



“Sherg.az” olaraq dünəndən bəri sosial şəbəkələrdə geniş müzakirə olunan məsələ barədə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinn fikirlərini öyrəndik. O, baş verənləri belə qiymətləndirdi: 

“Azərbaycanın siyasi iradəsi ortadadır. Bu, müharibədə qalib gəldikdən sonra əsir və girovlarla bağlı məsələnin həllini tapmasında özünü göstərir. Hər halda rəsmi Bakı səmimi niyyətini nümayiş etdirir. Lakin məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparır. Saxlanılan şəxslər terrorçudurlar. Müharibə qaydalarına görə onlar nə əsir, nə də girov hesab olunurlar. Həmin hərbçilər Azərbaycanın Cinayət Məcəlləsinə görə məsuliyyət daşıyırlar və yerli məhkəmələr qarşısında mühakimə olunmalıdırlar”.

 Ə. Əlibəyli, həmçinin bildirdi ki, Ermənistan yenə də çirkin niyyətindən əl çəkmir: 

“Sülhməramlıların oynadığı rol, Rüstəm Muradovun Bakıya gəlməsi və hərbi əsirləri aparması noyabrın 10-da imzalanan üçtərəfli bəyanata sadiqlik kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycanın atdığı addımlar da belə dəyərləndirilməlidir. Bizim gözləntilərimiz var. Və, görünür, həmin gözləntilərin müəyyən hissəsi reallaşdığına görə biz belə addım atdıq. Ermənistan tərəfi deyir ki, üç nəfər “hərbi əsir”in qaytarılması ATƏT-in Minsk qrupunun səylərinin və Azərbaycana qarşı beynəlxalq təzyiqlərin nəticəsidir. Lakin əsla belə deyil. Bizim qətiyyətli mövqeyimiz ortadadır. Bir müddət əvvəl İrəvana boş qayıdan təyyarə hər şeyi sübut edir. İrəvanın hadisələri belə qələmə vermək cəhdi isə onun ikiüzlülüyünün və məğlubiyyət qarşısında məntiqini itirməsinin göstəricisidir”.