Putin Lavrovu Bakıya hansı missiya ilə göndərir?–AKTUAL ŞƏRH 

Məlum olduğu kimi, mayın 10-11-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfəri baş tutacaq. Bu gün isə Rusiya XİN rəhbəri  İrəvanda səfərdədir.Məlumata görə, S. Lavrovun Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşləri planlaşdırılıb. Lavrovun İrəvana səfərindən 5 gün sonra Bakıya gəlməsi birmənalı qarşılanmır. Belə güman edilir ki, İrəvanda danışıqlar aparılandan sonra Kremldə müəyyən mövzuların müzakirəsinə ehtiyac yaranacaq.

Maraqlıdır, səfər zamanı Lavrov hansı məsələ ilə bağlı Azərbaycanı razı salmağa çalışacaq. Rusiya prezidenti Vladimir Putin onu bölgəyə hansı missiya ilə göndərir?

Sabiq XİN başçısı Tofiq Zülfüqarov rusiyalı nazirin səfərinə dair fikirlərini “Sherg.az”la bölüşüb:

“Artıq belə bir adət mövcuddur ki, ildə bir dəfə həm Azərbaycanın Xarici işlər naziri Rusiyaya , həm də Rusiya XİN başçısı ölkəmizə səfər edir.

Hansısa aktual mövzu ortaya çıxanda görürük ki, dövlət başçıları bir-biri ilə sıx təmasda olurlar, telefonla danışırlar.

Bu səfərin əsas məqsədlərindən biri ikitərəfli münasibətlərin geniş müzakirəsi və iki nazirlik arasında əməkdaşlığın perspektivlərini gözdən keçirməkdir. Aktual və vacib məsələləri isə Rusiya və Azərbaycanın dövlət başçıları müzakirə edir. 

Artıq Lavrov Azərbaycan və Ermənistana aid məsələlərdə aktiv rol oynamır. Dediyim  kimi bu mövzu ilə birbaşa dövlət başçıları məşğul olur”.