Üç "hərbi əsir”in qaytarılması əbəs deyil:“Ciddi tələblərimiz var” – AKTUAL

Məlum olduğu kimi, üç “hərbi əsir” Ermənistana təhvil verilib. Əslində onların terrorçu olduqlarını nəinki biz, rəsmi İrəvan da bilir. Amma özlərini süddən çıxmış ağ qaşıq kimi göstərməkdən əl çəkmirlər. Təəssüf ki, onlara inanan dünya dövlətləri də var. Üç terrorçunun düşmən tərəfə geri verilməsi isə birmənalı qarşılanmayıb. 

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında belə bir addımın əbəs yerə atılmadığını bildirdi: 

“Azərbaycanın üç terrorçunu əvəzsiz olaraq qaytarmasını düşünmək sadəlövhlük olar. Bizim də tələblərimiz var. Məsələn, minalı ərazilərin xəritəsinin verilməsi, I Qarabağ müharibəsində itkin düşənlərin qalıqlarının qaytarılması, II Qarabağ müharibəsində iyirmiyə yaxın itkin hərbçimizin olması, Njdenin Xocavənddəki heykəlinin sökülməsi və s.

Nəzərinizə çatdırım ki, Xocavənd Azərbaycan ərazisidir. Və bizim icazəmiz olmadan orda kimsə hansısa təşəbbüslə çıxış edə, o cümlədən heykəl ucalda bilməz.

Həmçinin  Qırmızıbazar- Şuşa yolunun və Zəngəzur dəhizinin açılması da tələblərimiz sırasındadır. Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir. Moskva sanksiyalar altında “boğulduğuna” görə Zəngəzur dəhlizi vasitəsilə qərbə çıxış əldə edə bilər.

Qaytarılan hərbçilərin qarşılığında sadaladığımız tələblər yerinə yetirilməlidir. Əslində digər terrorçular da zamana qaytarılacaq. Sadəcə əvvəlcə Azərbaycan məhkəmələri qarşısında mühakimə edilməlidirlər”.