Təlimlər düşmənə mesajdır! “Yenidən başqa fikrə düşərlərsə..."

“...Ordumuz hər an ərazi bütövlüyümüzü qorumağa hazırdır”

“İstənilən qüvvələrə layiqli cavab verməyə qadirik. Vətən müharibəsində bunu ən yüksək səviyyədə sübut etdik”


Artıq iki gündür ki,  Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.



Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənlinin “Sherg.az”a açıqlamasına görə, bütün hərbi təlimlər döyüş hazırlığımızın yüksək səviyyədə olması üçün həyata keçirilir:

“Təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana uyğun baş tutur. Ordumuz müxtəlif fəsillərdə və ərazilərdə hərbi hazırlıqlarını davam etdirir. Təlimlər əsgər hazırlığından tutmuş, nazirlik səviyyəsinə qədər keçirilir. 

Son dövrlər qardaş Türkiyə ilə keçirilən təlimlər antiterror əməliyyatları, qanunsuz silahlı birləşmələrin məhv edilməsi və qoşunlar arasında koordinasiyanı ortaya qoyur.

Vətən müharibəsində əldə edilmiş təcrübə də hərbi təlimlərimizdə növbəti dəfə tətbiq edilir. Eyni zamanda müasir tələblərə uyğun olaraq ordu hazırlığının yüksək səviyyədə olması üçün qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə görə, bu təlimlərin əhəmiyyəti böyükdür.

Sözügedən təlimlər region dövlətlərinə, xüsusilə Ermənistana bir mesajdır ki, yenidən hansısa fikirlərə düşərlərsə, ordumuz hər an ərazi bütövlüyümüzü qorumağa hazırdır. İstənilən qüvvələrə layiqli cavab verməyə qadirik. Vətən müharibəsində bunu ən yüksək səviyyədə sübut etdik”.