Bayramovla Çavuşoğlu danışdı:“Delimitasiyaya görə vəziyyət gərgindir” – PƏRDƏARXASI

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığını “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Qarabağ münaqişəsi sadəcə Qarabağdan ibarət deyil. Bu, çox geniş və beynəlxalq siyasətin atributuna çevrilib:

“Məlumdur ki, Ermənistan-Azərbaycan arasında delimitasiya problemi var. Bu problemə görə vəziyyət gərgindir. Məsələ ilə bağlı Rusiya XİN başçısı Sergey Lavrov Bakıya gəlib, KTMT öz münasibətini bildirib. Lavrov bu gün həmçinin Tacikistan prezidenti ilə danışıb. Daha sonra Rusiya Azərbaycan və Ermənistana təklif edib ki, məsələyə dair ortaq komissiya yaradılsın. ABŞ isə hər iki ölkə ilə birbaşa görüşməyə çalışır. Burada yanaşma fərqi var:Rusiya özü məsələyə müdaxilə etmək, Amerika isə birbaşa Azərbaycan və Ermənistanın problemini həll etməsini  istəyir.



Fransa isə Ermənistanı dəstəkləyir və Azərbaycanı kəskin ittiham edir. Rusiya delimitasiya məsələsində çox da anti-Azərbaycan mövqe sərgiləmir. Amma istənilən halda Rusiya və Fransanın olduğu yerdə Türkiyə də olmalıdır. Ona görə də danışıq zamanı bu məsələlər müzakirə olunub. Eyni zamanda Qarabağ və “İskəndər- M” raketi ilə bağlı mövzu gündəmə gətirilsə də, yarımçıq qalıb. Lavrovun Bakıya gəlişi zamanı nələr razılaşdırıldığını bilmirik. Sülhməramlılarının hüquqları da vacibdir. Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi ixtiyarımıza keçəcəkmi? Bununla bağlı istəklərimiz var. İstəyirik ki, sülhməramlılar olan ərazidə Azərbaycanın tam nəzarəti olsun. Türkiyə də bunu istəyir, Rusiya isə mümkün qədər mane olmağa çalışır. Əlbəttə ki, Ermənistan da buna razı deyil”.

T.Rzayev qeyd edib ki, Rusiya faktiki olaraq Xankəndidə ermənilərə nəzarətini azaldıb:

“Azərbaycan isə Xankəndiyə tam nəzarəti öz üzərinə götürmək istəyir. Fransadan olsa, Qarabağı “müstəqil dövlət” kimi tanıyar ki, Azərbaycan ermənilərə nəzarət edə bilməsin. ABŞ erməni lobbisinin təsiri ilə müəyyən bəyanat versə, əslində neytral və hər iki ölkəni barışığa çağıran addım atır. Məncə də, ən yaxşısı budur.  Yəni bundan sonra Azərbaycan hakimiyyətinin Ermənistanla bir təmas xətti olsa, məsələ birbaşa həllini tapar. Bir sözlə, çoxtərəfli faktlar və münasibətlər var. Düşünürəm ki, nazirlərin söhbətində ən azı bu cür bir neçə məsələ müzakirə edilib”.