İkinci Qarabağ müharibəsi həm də bir sınaq idi: dostun kim, düşmənin kim olduğunu müəyyənləşdirən sınaq. Bir çox müttəfiqlərimiz bu sınaqdan uğurla çıxdılar. Qardaş Türkiyənin adını isə xüsusi qeyd etməliyik. Rəsmi Ankara bizə, az qala, hər gün mənəvi və diplomatik dəstək verdi. Eyni zamandan siravi vətəndaşlar da özlərinin sosial media hesablarındakı yazıları, fotoları ilə yanımızda olduqlarını göstərdilər. Türkiyəli həmkarlarımız isə öz sahələrində- informasiya cəbhələrində silahlarını, yəni qələmlərini, kameralarını bir an belə olsun yerə qoymadılar. Onlar hadisələri obyektiv təhlil etdilər və dünya ictimaiyyətinin diqqətinə çatdırdılar.
“Sherg.az”ın budəfəki həmsöhbəti türkiyəli jurnalist Aysel Sadakdır.
O, media nümayəndələrinin fəaliyyətini belə qiymətləndirdi:
“Haqq savaşınız barədə xəbərləri yerli və Azərbaycan KİV-dən alırdıq. Türkiyəli jurnalistlərin birbaşa hadisə yerindən informasiya vermələri çox təqdirəlayiqdir. Əlbəttə, Azərbaycana ezam olunan jurnalistlərin əksəriyyəti regionu yaxşı tanıyırlar. Bu da onların daha səmərəli fəaliyyəti ilə nəticələndi. Yəni, faktın həm dünəni, həm bu günü, həm də sabahı auditoriyaya çatdırıldı. Müharibə dövründə Türkiyə mediası çox yaxşı çalışdı. Çətinlik həmin hadisələri, yəni torpaqlarınızın işğalını görməyənlərə xəbərlərin çatdırılması idi. Bu mənada türk jurnalistlərin həmin dövrün şahidləri və azərbaycanlı həmkarları ilə müsahibələri çox effektli ola bilərdi. Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq gələcəkdə deyil, məhz indidən başlamalıdır. Əlbəttə, Ermənistan haqlı mübarizəmizə kölgə salmaq üçün bütün vasitələrdən, o cümlədən dezinformasiyalardan istifadə etməli idi və etdi. Etiraf etməliyik ki, türklər bu sahədə gecikirlər. Qələbə qazanmağımıza rəğmən, lobbiçilik fəaliyyətimiz qənaətbəxş deyildi. Amma son zərbəni biz endirəcəyik”.
Jurnalist, həmçinin bildirdi ki, indiyədək olduğu kimi bundan sonra da Azərbaycan və Türkiyə düşmənlərə qarşı birgə mübarizə aparmalıdır:
“Qarabağ türklərindir. İlk gündən etibarən Qarabağ mübarizəsi bütün türklərin qəlbində başlamışdı. Tarixi qələbəmizdə müəyyən çatışmazlıqlar olsa da, otuz illik yuxumuz gerçəkləşdi. Bu, danılmazdır. Qarabağ illərdir Azərbaycanın qəlbinə sancılan xəncər idi. Biz o xəncəri çıxarıb atdıq. Var olsun Azərbaycan milləti, Azərbaycan gəncliyi! Yeri gəlmişkən, deyim ki, mən Azərbaycanın müstəqillik uğrunda savaşında orada olmuşam. Mübariz ruhu gözlərimlə görmüşəm, cəbhələrdə yatmışam. O vaxt iyirmi yaşım var idi. İllər sonra hər dəfə Azərbaycana gələndə həmin milli ruhun tədricən öldüyü məni narahat edirdi. Lakin bu dəfəki müharibədə 8 yaşındakı uşağın belə, milli ruha sahib olduğunu görüb sevindim, heyrətləndim. Sanki bu, bir oyanış oldu. Fikrimcə, butün torpaqlarımızı azad edə bilərdik. Biz bu gücə sahibik. Rusların Qarabağa girməsinə icazə verməməli idik. Rusdan türkə dost olmaz! Türkiyə dövlətinin Qarabağ məsələsindəki mövqeyi hətta daxildəki müxalifətin də ürəyindən oldu. Türkiyədə Azərbaycan əsilli 8 milyona yaxın insan var. Qarabağ müharibəsi göstərdi ki, Türkiyənin yerli əhalisi daim qardaş Azərbaycanın yanında, arxasındadır. Bu, bizim gələcəyə daha inamlı baxmağımızı təmin edir. İkinci Qarabağ müharibəsi qardaşlığın sözdə yox, həm də əməldə olduğunu təsdiqlədi. Yaşasın Azərbaycan- Türkiyə qardaşlığı, var olsun millətimiz!”.