Borcumuzdur! - “YAŞAT” Marafonuna qatılaq və yaşadaq !”

Flora Qasımova: "Biz müharibə dövründəki həmrəyliyimizi, birliyimizi indi də göstərməliyik"

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək. Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək  “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək  olacaq, onların xoş xatirələrini yada salacaqlar. Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan  Televiziyasında (AzTV) canlı nümayiş ediləcək. 

Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.  Eyni zamanda “YAŞAT” Fondunun qısa müddətdə gördüyü işlər barədə hesabat təqdim olunacaq.

Keçmiş millət vəkili Flora Qasımova sözügedən təşəbbüs barədə “Sherg.az”a danışdı: 

“44 günlük hərbi əməliyyatlar bizim üçün Vətən müharibəsi idi. Həmin savaşda əsgər və zabitlərimiz xalqın dəstəyini hiss edərək, ölümü gözə aldılar və torpaqlarımızı azad etdilər. Biz müharibə dövründəki həmrəyliyimizi, birliyimizi indi də göstərməliyik. Bu, borcumuzdur. Əlimizdən gələni etmək, o cümlədən xaricdə yaşayan soydaşlarımızın qayğısı, diqqəti şəhid və qazilərimizə hörmətin ən bariz nümunəsidir. İndi onların bizim dəstəyimizə ehtiyacları var. Bu mənada qaldırılan təşəbbüsü yüksək qiymətləndirirəm”.