Səməd Seyidov: "“907-ci düzəliş" həllini tapa bilər...”

“Amma hələlik senatdakı erməni lobbisi buna imkan vermir”

“Bu isə o deməkdir ki, ABŞ dövləti ilə senatdakı erməni lobbisinin maraqları üst-üstə düşmür”


ABŞ prezidenti Co Bayden 28 may- Respublika Günü münasibətilə Azərbaycan dövlət başçısı İlham Əliyevi təbrik edib. O, təbrik məktubunda tərəflər arasındakı qarşılıqlı əlaqələrdən danışıb.  Bayden bildirib ki, münaqişənin uzunmüddətli həllində maraqlıdır: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.

Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq»

 Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan- ABŞ münasibətləri barədə “Sherg.az”a danışdı: 

“Bu, Baydenin ölkə rəhbərliyinə növbəti məktubudur. Əvvəl olduğu kimi, yenə də Azərbaycana təşəkkür edilir və qarşılıqlı əməkdaşlıqdan söz açılır. Ümumiyyətlə, bizim həm ABŞ-la, həm də Rusiya ilə əlaqələrimiz yüksələn xəttlə inkişaf edir. Lakin Rusiyadan fərqli olaraq, ABŞ həmsədrliyinə rəğmən, münaqişənin həllində fəallıq göstərmədi. Sözügedən məktub isə məhz gecikmiş fəallığı göstərmək niyyətlidir. Ümumiyyətlə, Vaşinqton prosesləri düzgün anlayır. Başa düşür ki, münaqişə bitib. Sadəcə mövcud problemlər həllini tapmalıdır. Bu, uzunmüddətli həllin təmin olunmasından ötrüdür. Məsələn, ərazi bütövlüyümüzün tam təmin olunmasının tanınması, birgə yaşayış proqramının hazırlanması və s. kimi məqamlar həllini gözləyən məsələlərdəndir. Mən tərəflər arasındakı əlaqələri yüksək qiymətləndirirəm. Fikrimcə, əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.

S.Seyidov, həmçinin 907-ci düzəlişə də toxundu: 

“ABŞ konqresində qərar qəbul etmək nə qədər asandırsa, onu ləğv etmək bir o qədər çətindir. Təsadüfi deyil ki, bu gün dövlətin maraqlarına uyğun olmayan bir sıra qərarlar hələ də qüvvədə qalıb. Bəlkə də, “907-ci düzəliş” nə vaxtsa həllini tapa bilər. Amma hələlik senatdakı erməni lobbisi buna imkan vermir. Bu isə o deməkdir ki, ABŞ dövləti ilə senatdakı erməni lobbisinin maraqları üst-üstə düşmür”.