“Jirinovskinin ölkəmizi təriflədiyinin şahidiyəm, indi isə...” - QƏRƏZ

“...“Barmaq silkələməsi” isə təsadüfi deyil”

"Ona bir milyon qaçqını olan Azərbaycan lazımdır” 

“Duma üzvünün açıqlaması isə Azərbaycan- Rusiya əlaqələrinə xələl gətirə bilər”


Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. 

Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb. Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bu barədə “Sherg.az” a münasibət bildirdi:

“Jirinovski siravi şəxs olsaydı, bəlkə də, fikir verməmək olardı. Amma o, aparıcı partiya sədrlərindən, Dumada fraksiya sahiblərindən biridir. Bu açıqlaması isə Azərbaycan- Rusiya əlaqələrinə xələl gətirə bilər. Odur ki, XİN-in Rusiyaya nota verməsi məqsədəuyğun idi. Siyasətçi artıq üzr istəyib. Jirinovskinin vaxtı ilə Azərbaycana səfəri zamanı mən onu müşahidə etmişdim. Ölkəmizi necə təriflədiyinin şahidiyəm. İndi “barmaq silkələməsi” isə təsadüfi deyil”.

 S.Seyidov, həmçinin bəyanatın mahiyyətini izah etdi:

“Belələrinə bu günkü Azərbaycan və Rusiya sərf etmir. Çünki məhz Jirinovski kimiləri Rusiyanı sanskiyalara məruz qoyub, dövlətin beynəlxalq imicini sıfıra endirib. O, tez-tez ölkədəki “V kolon”dan danışır. Halbuki ən böyük “V kolon” özüdür – ölkəsini məhv edir.

Jirinovski kimiləri siyasi səhnədə olduqca şimal qonşumuzun problemləri artacaq. Əlbəttə, belə siyasətçilər bizim yaratdığımız yeni reallığı da qəbul etmək istəmirlər. Onlara işğal altında qalan, bir milyon qaçqını olan Azərbaycan lazımdır.

Prezident İlham Əliyev dünya miqyaslı siyasətçiyə çevrilib. Bakı-Moskva münasibətləri iki bərabərhüquqlu dövlətin münasibətləridir. Və bu, Jirinovskilərin geosiyasi maraqlarına uyğun deyil”.