Türkiyədəki yanğınların “kulisi”... - "Ankaranı Vaşinqtonun “çətiri” altına...”

"İkinci bir tərəfdən, yanan yerlərin beynəlxalq şirkətlərin nəzarətinə keçməsi və hökumətlər üçün borc “bataqlığının” yaradılması da versiyalardandır”  


Türkiyədə yanğınların davam etməsi fonunda artıq ayrı-ayrı dünya ölkələrində analoji hallar yaşanmaqdadır. Baş verənlərlə bağlı müxtəlif iddialar səsləndirilir. Versiyalar, ehtimallar fərqlidir. Amma bir məsələ aydındır: belə “səhnə” “rejissorsuz”, “ssenaristsiz” mümkün deyil. Odur ki, “Sherg.az” olaraq siyasi şərhçi Asif  Nərimanlı ilə “kulis”i müzakirə etdik:

-Artıq beynəlxalq gündəmi zəbt edən hadisələr barədə sizin fikirləriniz nədir?

- Bizim dediklərimiz sadəcə ehtimallardır. Rusiyada, Yunanıstanda da yanğınların olması bunun qlobal miqyaslı olduğunu göstərir.

-Bəs məqsəd nədir?

-Bildiyiniz kimi, pandemiya da qlobal layihə idi. Bu yolla qlobalizmin, gediş-gəlişin qarşısı alındı. İnsanlar evlərindən çölə çıxmadılar. Vaksinasiya kütləviləşdikcə isə yenidən əvvəlki vəziyyətə qayıdırıq. Yanğınların da qlobal layihə olması və milli hökumətlərə qarşı yönəlməsi istisna deyil. Əsas hədəflərdən biri də turizmin inkişafının qarşısını almaqdır. İkinci bir tərəfdən, yanan yerlərin beynəlxalq şirkətlərin nəzarətinə keçməsi və hökumətlər üçün borc “bataqlığının” yaradılması da versiyalardandır.  

-Qardaş ölkədəki yanğınların mövcud iqtidar əleyhinə olduğunu da deyirlər...

-ABŞ prezidenti Co Baydenin seçkilər ərəfəsindəki açıqlamaları, Ərdoğanla görüşdə ortaq məxrəcə gələ bilməmələri bu ehtimala əsas verir. Ümumiyyətlə, ABŞ-da demokratlar milli hökumətlərlə işləməyi sevmirlər. Hədəf Ankaranı yenidən Vaşinqtonun “çətiri altına” salmaqdır.

-Elə isə niyə terrorun başqa növlərindən istifadə edilmir?

-Türkiyənin terrora qarşı uğurlu mübarizəsi göz qabağındadır. Silahlı terrorun qarşısı dəfələrlə alınıb. Yanğınlar isə təxribatçılar üçün ən asan və rahat yoldur. Xüsusilə turizm bölgələrinin yandırılması iqtisadiyyatı zəiflətməyə hesablanıb.

-Bu, Ərdoğan hakimiyyəti üçün nə qədər təhlükəlidir?

- Hökumət nə qədər sosialyönümlü addımlar atsa da, daxildə narazılıq yaranacaq. Yanğınlardan əvvəl müxalifətin tələb etdiyi erkən seçkilər məsələsi yenidən gündəmə gələ bilər. Bu isə AKP üçün çox təhlükəlidir. Ciddi səs itkiləri ola bilər. Nəzərə almaq lazımdır ki, AKP-nin hakimiyyətini təmin edən əsas məqam iqtisadiyyatla bağlıdır. Və son illərdə Türkiyənin iqtisadiyyatı zəifləməkdədir. Onu da deyim ki, hətta erkən seçkilər keçirilməsə belə, 2023-cü ildə AKP hakimiyyəti üçün təhlükə yenə qalacaq.

-Prezident Ərdoğanın insanlara çay paylamasındakı mesaj nə idi?

- Bu, qədim ənənədir. Dövlət başçısı demək istəyirdi ki, səbrli olun, hər şeyi həll edəcəm. Bu, xalqı sakitləşdirməyə hesablanmışdı.