“Düyünlər” çözülür! - Qazaxın kəndləri qaytarılır? – AKTUAL ŞƏRH

“Sözügedən kəndlər, əlbəttə, geri verilməlidir və veriləcək. Bunun alternativi yoxdur”

“Ancaq yayılan məlumatlar onu deməyə əsas verir ki, hərbi əməliyyatlara ehtiyac qalmayacaq”

“Onsuz da Ermənistan bu məsələyə fərdi şəkildə qarşı deyil” 


Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Bölgənin qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır. Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) boşaldılması ilə bağlı olduğunu yazırlar. Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil.

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli baş verənləri “Sherg.az”a şərh etdi: 
“Sözügedən kəndlər, əlbəttə, geri verilməlidir və veriləcək. Bunun alternativi yoxdur. Qazaxın yeddi kəndinin qaytarılması üçtərəfli bəyannaməyə salınmamışdı. Çünki proses müqavilədənkənar baş tutmalıdır. Hadisələrin müsbət dinamika ilə inkişafını ötən həftə üçtərəfli komissiyanın bərpası ilə gördük. Odur ki, indiki hadisələr gözlənilən idi. Çox güman, rəsmi Bakı proseslər tam başa çatdıqdan sonra açıqlama verəcək. Ancaq yayılan məlumatlar onu deməyə əsas verir ki, hərbi əməliyyatlara ehtiyac qalmayacaq və bundan sonra “düyünlərin” çözülməsində ilkin addım kəndlərin qaytarılması olacaq. Onsuz da Ermənistan bu məsələyə fərdi şəkildə qarşı deyil”.