Qazilərdən Mehriban Əliyeva TƏBRİK:“Bizə hər zaman dayaqdır”

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Birinci xanımın 57 yaşı tamam olur. Mehriban Əliyevanın fəaliyyəti xalqımızın rifahına, dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyətdir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq onun sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi var. Bu, müasir Azərbaycanın quruculuğunda mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti dövründə qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində yeni bir səhifəni açmış oldu.


Mehriban Əliyeva demək olar ki, fəaliyyətinin bütün dövrlərində şəhid və qazi ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirib. Məhz bu ilin sonunadək Prezident İlham Əliyev və Mehriban Əliyevanın birgə səyi ilə 3 min şəhid və qazi ailəsinə mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Mehriban Əliyeva Vətən müharibəsi qazilərinin müalicə və reabilatasiyası üçün də əlindən gələni edərək, onların rahatlığının təmin olunmasında misilsiz xidmətlər göstərməkdədir.

“Şəhid ailələri və qaziləri yaddan çıxarmır”

Qarabağ qazisi Kamil Musəvi “Sherg.az”a bildirib ki, həqiqətən də Mehriban xanımın şəhid ailələri və Qarabağ qaziləri üzərindəki zəhməti böyükdür:

“Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Bir qazi olaraq son dönəmlərdə Mehriban xanımın bizlərə göstərdiyi diqqət və qayğının şəxsən şahidi olmuşam. Mənim kimi yüzlərlə qazimiz var ki, bu söylədiklərimi təsdiq edər. Qazilərimizə ən müasir protezlər gətirildi, hər biri çox rahat şəkildə öz fəaliyyətlərini davam etdirdilər. Bu, bizim üçün ən böyük uğurlardan biridir. Yaralandığımız zaman düşünürdük ki-“görəsən, həyata təkrar qayıdışımız üçün bir problem olmayacaq ki?”. Protezlərimiz müasir olduğu üçün o qədər də çətinlik çəkmirik. Bunun da səbəbi hörmətli Mehriban xanım oldu və bu təşəbbüsü yenə də davam etdirir. O, heç bir zaman şəhid ailələrini və qazilərini yaddan çıxarmır. Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür və can sağlığı arzu edirəm”.


“Bizə hər zaman dayaqdır”

Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev də Birinci xanımı səmimi qəlbdən təbrik edir:

“Mehriban xanım hər zaman şəhid ailələri və qazilərə dayaq olub. Onun qazilərimizə olan diqqət və qayğısı göz qabağındadır. Bunun bariz nümunəsi kimi aprel döyüşlərindəki qazilərimizlə görüşünü qeyd edə bilərik. Mehriban xanım bu gün də Vətən müharibəsində qazi olan igidlərimizi Türkiyəyə müalicəyə göndərib. Şəhid ailələrinin evlə təmin olunması da hər kəsə bəllidir. Arzu edirik ki, Mehriban xanım Əliyeva və Cənab Prezident hər zaman şəhid ailələri və qazilərin başının üstündə olsun. Birinci xanımı səmimi qəlbdən təbrik edirik”.

Xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan giziri, qazi Eşqin Hüseynov vurğulayıb ki,  Mehriban xanım Əliyeva hər zaman şəhid ailələri və qazilərimizin yanında olub, öz dəstəyini əsirgəməyib:

““Fəxr edirəm ki, sizin kimi qardaşlarım var” dedi”

“Mehriban xanımı ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. 3 il bundan öncə biz Mehriban xanımın göstərişi ilə müasir protezlərlə təmin olunduq. Bu günə qədər vətənimiz uğrunda canından keçməyə hazır olan bütün qazilərimiz Birinci xanımın diqqətindən yayınmayıb. 2018-ci ildə Mehriban xanım Heydər Əliyev mərkəzində bir qrup qazi ilə görüşdü, mən də orada idim. Görüşə yüzdən çox qazi gəlmişdi, Mehriban xanım hər birimizlə görüşüb əlimizi sıxdı və bu sözləri qeyd elədi: “Mən fəxr edirəm ki, sizin kimi qardaşlarım var”. Mehriban xanım vurğuladı ki-“dövlət bayrağımız Qarabağın bütün rayonlarında asılacaq”.

Gördüyünüz kimi tez bir zamanda bayrağımız Qarabağa, Şuşaya və digər rayonlara sancıldı. Mehriban xanımı ürəkdən təbrik edir, bu şərəfli və çətin peşəsində ona böyük güc arzulayıram”.