Nazirin mesajının PƏRDƏARXASI: “Rusların müvəqqəti yerləşdiyi ərazilərə də zərbələr...”

Dünən müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu nazirin sözügedən açıqlamasını “Sherg.az”a qiymətləndirdi: 

“Zakir Həsənov bildirdi ki, rusların müvəqqəti yerləşdiyi ərazilərə də zərbələr endirə bilərik. Bu, ciddi mesajdır. Çünki ermənilər sülhməramlıların arxasında gizlənərək təxribat törədirlər. Azərbaycanın cavab verməyəcəyini və ya bu halda ruslarla üz-üzə gələcəyini fikirləşirlər. Amma bizim üçün fərqi yoxdur. Müdafiə naziri də məhz bunu demək istəyirdi”.