Politoloq: "Əmin olun, ondan sonra Ermənistan və Rusiya “status” kəlməsini dilə gətirməyəcək"
Mirzoyanın Moskva mesajı əslində Ermənistanın əleyhinədir
Ermənistanın yeni təyin olunmuş XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə sərsəm ifadələr səsləndirib. Moskva, Bakı və İrəvan arasında imzalanmış üçtərəfli bəyanatların mahiyyətinə varmayan Mirzoyan yeni dönəm üçün rəsmi Bakının qarşısında şərtlər qoyub. Onun fikrincə, “Qarabağın statusu” ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq. Həmçinin, nazır əlavə edib ki, indiki mərhələdə Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar aparılmır:
"Əgər belə şeylər nə vaxtsa başlasa, ATƏT-in Minsk qrupu həmsədrlərinin müəyyən etdiyi prinsiplər əsasında Dağlıq Qarabağın statusu məsələsi bu cür danışıqların bir hissəsi olmalıdır”. Azərbaycan tərəfinin dəyişməz mövqeyi yekun sülh sazişinin bağlanması və bütün məsələlərin ümumi saziş çərçivəsində həll edilməsidir. Ermənistan isə bundan qaçır və Xankəndidə yerləşən separatçı rejimin “status” məsələsini yenidən gündəmə daşımağa çalışır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Paşinyan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina edir və müqavimət göstərir:
“Bəs XİN başçısı Sergey Lavrov rusiyalı jurnalistin sualına necə cavab verib? Rusiyanın xarici işlər naziri cavabdan yayınıb və deyib ki, bu məsələlər tərəflər arasında həll olunmalıdır. Yəni qeyri-müəyyən fikirlər söyləyib. Halbuki, Lavrova və Rusiya rəhbərliyinə də bəllidir ki, Ermənistanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanısalar, məsələ birdəfəlik bitəcək. Ancaq Kreml məsələnin bitməsini istəmir”.
Politoloq Məhəmməd Əsədullazadə də bildirib ki, Mirzoyanın bu mesajı Moskvadan verməsi ona hesablanıb ki, əgər Kreml istəməzsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmayacaq:
“Halbuki, 10 noyabr bəyannaməsi atəşkəs, əməkdaşlıq və sülhə aparan yol xəritəsidir və öhdəliklər yerinə yetirilməklə məsələnin bağlanması nəzərdə tutulur. Bəyannamədə “status” məsələsi təsbit edilməyib. Lakin Ermənistanın israrla bunun üzərində dayanması sülh imkanlarını fiaskoya uğradır. Əslində Moskvadan verilən bu mesaj Ermənistanın əleyhinədir və perspektivdə sadəcə Rusiyanın maraqlarına uyğundur. İrəvan hökuməti Rusiyanın bu mövqeyi ilə barışır və sülh imkanlarını sabotaj edir. Çıxış yolu Ermənistana təzyiqləri artırmaqdan və sərhəddə bu ölkəyə ciddi problem yaratmaqdan keçir.
Həmçinin, Qarabağdakı qanunsuz silahlı erməni birləşmələrini sıxışdırmalı, postları dağıtmalı, terrorçuları təmizləməliyik. Əmin olun, ondan sonra Ermənistan və Rusiya “status” kəlməsini dilə gətirməyəcək”.