Bunun üçün yeni qaydaların tətbiqi ilə yanaşı, prosesin tam elektronlaşdırılmasına ehtiyac var
Vətəndaş cəmiyyəti institutları prosesə cəlb olunmalıdır
Dünəndən etibarən qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək. Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın məlumatına görə, indiyədək 6 milyon 805 min vətəndaşımız peyvənd olunub. Onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib. 4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub. Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanlar ümumi vaksinasiyadan keçənlərin 40 faizini belə təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna biliblər. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında vaksinasiyaya meyl artıb.
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə bildirib ki, Azərbaycanda əhalinin 26.5 faizi hər iki dozadan istifadə edib. Deputatın sözlərinə görə, vaksinasiya səviyyəsinə görə ölkəmiz MDB-də Qazaxıstandan sonra ikinci olsa da, mövcud peyvəndləmə faizinə görə normal həyata qayıtmaq mümkün deyil:
“Vaksinasiya prosesinin daha sürətləndirilməsi vacibdir. Aydındır ki, yeni məhdudiyyətlərin tətbiqində məqsəd peyvəndləmə prosesini sürətləndirməkdən ibarətdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılması zəruridir. Bu amil prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, növbələrin sayını və kənar müdaxilələri də azaldar”.
Parlament üzvü qeyd edib ki, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var:
“Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak edirdilər. Sonrakı mərhələlərdə bu istiqamətdə aktivlik azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasiya prosesinin sürətləndirilməsinə dəstək olar”.