Laçında hərbi təlimlər:"Yeni tapşırıqlar var” - Mesaj verildi!

“Fərqli hədəflərin zərərsizləşdirilməsi ilə ordunun döyüş qabiliyyəti yoxlanılır”

“Daha bir təlim gözlənilir. Beləliklə, eyni vaxtda Bakı- Ankara arasında dördüncü təlim keçiriləcək”

“Onlar həm də siyasi mesajdır”


Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Təlimlərin əhəmiyyəti barədə “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov 2021- ci il üçün  xeyli qarşılıqlı təlimlərin nəzərdə tutulduğunu vurğuladı:

“Yeni tapşırıqlar var və onları icra etmək lazımdır. Fərqli hədəflərin zərərsizləşdirilməsi ilə ordunun döyüş qabiliyyəti yoxlanılır. Daha bir təlim gözlənilir. Beləliklə, eyni vaxtda Bakı- Ankara arasında dördüncü təlim keçiriləcək. Onlar həm də siyasi mesajdır. Məqsəd regionda sabitlik yaratmaqdır. Fikrimcə, əvvəlki hazırlıqlar kimi bunun da nəticəsi olacaq. Qazanılan təcrübədən ölkə daxilində istifadə edəcəyik”.