Cavabdeh Moskvadır! – “Ruslar əsgərimizi geri qaytarmalıdırlar”


“Kreml hərbçimizdən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir”

“Əsgərimizi tutan ermənilər olsa idi, indiyədək çoxdan qaytarmışdılar. Muradovun onunla şəkil çəkdirməsi bir növ təxribatdır”


Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov azərbaycanlı hərbçi Cəmil Babayevə baş çəkib. Məlumata görə, Muradov əsir götürülmüş və həbs edilən Babayevin saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanış olub.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib. Ermənistan mətbuatı isə avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.

Sual yaranır: Muradov niyə əsgərimizin geri qaytarılmasını təmin etmir? General yayılan foto ilə nə demək istəyir?

 MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bu barədə “Sherg.az”a danışdı. O, dedi ki, əsgərimizin Ağdərəyə getməsi hərbi cinayət kimi qiymətləndirilməməlidir:

“Çünki Ağdərə bizim torpağımızdır. İkinci bir tərəfdən, sülhməramlılar Babayevi dərhal geri qaytarmalı idilər. Amma belə olmadı. Burada əsas məsuliyyət nə Ermənistan hakimiyyətinin, nə də Qarabağdakı terrorçuların öhdəsinə düşür. Cavabdeh Moskvadır”.
M. Əsədullazadə düşünür ki, Kreml hərbçimizdən təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir: “Əsgərimizi tutan ermənilər olsa idi, indiyədək çoxdan qaytarmışdılar. Muradovun onunla şəkil çəkdirməsi bir növ təxribatdır. Nəzərə almaq lazımdır ki, Qarabağın ermənilər olan hissəsinə müvəqəti olaraq ruslar nəzarət edirlər. Orada Muradovun sözü keçərlidir. İndi sülhməramlılar əsgərimizi qanunsuz olaraq saxlayırlar və buna görə cavab verməlidirlər. Cəmil Babayev  dərhal geri qaytarılmalıdır”.