SOS ! - Ciddi su qıtlığı gözlənilir - Qənaət edin!

Son zamanlar ölkəmizdə su qıtlığının yaşandığına dair müəyyən iddialar səslənir. Hətta aidiyyəti qurumlar məsələ ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Müxtəlif ərazilərdə sular günün müəyyən saatlarında məhdudiyyətlə verilir.Su qıtlığının yaranmasının müxtəlif səbəbləri var. Onlardan biri də Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalmasıdır.

Problemdən çıxış yolları barədə “Sherg.az”a danışan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli su qıtlığının qlobal əhəmiyyətli bir problem olduğunu söyləyib.O, qeyd edib ki, bütün dünyada uzun illərdir bu məsələ ilə bağlı həyəcan təbili çalınır:

“Hətta müəyyən dövlətlər ciddi proqram üzərində işləyirlər. Son illər Azərbaycanda Xəzərin səviyyəsinin aşağı düşməsi, Kür və Araz çayında suyun azalması, dağlıq ərazilərdə bulaqların quruması müşahidə olunur.

Bütün bunlar həm də qlobal istiləşmənin nəticəsidir. Problemin həlli üçün ölkəmizdə müəyyən addımlar atılır. Hər halda vətəndaşlar suya qənaət etməlidir.

Çünki su müəyyən müddət ərzində bərpa edilənə qədər problem həll olunmalıdır ki, insanlar əziyyət çəkməsin Meşə zolaqlarının salınması, ağaclara qulluq edilməsi dünya proqramı çərçivəsində yer alır. Azərbaycan dövləti olaraq bu proqrama töhfəmizi verməliyik”.