Generallar Azərbaycanda! – “Türkiyə ordu modelinə keçirik”

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xüsusi Komandanlıq Qrupuna 4 general təyin edilib. Söhbət general-mayor Bəxtiyar Ersay, generallar Abdulla Qatırçı, Ender Güner və Zəkəriyyə Yalçından gedir.
Xüsusi Komandanlıq Qrupu yeni bir qurum deyil və Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir, lakin bu günə qədər aşağı rütbəli zabitlərlə təmsil olunub.

Azərbaycan və Türkiyə son vaxtlar bütün sahələrdə əməkdaşlığı gücləndirib və yeni səviyyəyə qaldırıb. Buna ən bariz nümunə 15 iyun 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi"dir. Bu kontekstdə Xüsusi Komandanlıq Qrupunun güclənməsini ölkələr arasında hərbi-texniki əlaqələrin məntiqi inkişafı hesab etmək olar.

Adıçəkilən türk generallarının ölkəmizə gəlməsi hədəflərini “Sherg.az”a sadalayan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq uzun illərdir,davam edir.
Onun sözlərinə görə, bu əməkdaşlığın da ən yüksək zirvəsi imzalanan “Şuşa Bəyannaməsi”ndə öz əksini tapıb:

“Qeyd olunan 4 generalın rəsmi olaraq vəzifəyə təyin olunmaları və Azərbaycanda fəaliyyətə başlamaları iki qardaş ölkənin hərbi əməkdaşlığının yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Prezidenti aylar öncə elan etmişdi ki, Azərbaycan türk ordu modelinə üstünlük verəcək.

Bu ordu modelinə keçidin təmin olunması, həm də uyğun ştat sturukturunun tətbiqi, müvafiq silah-sursat və texnikaların alınması məsələlərində Türkiyə ilə əməkdaşlıq edilməsi çox müsbət addımdır. Hesab edirəm ki, proseslər gələcəkdə artan dinamika üzrə inkişaf edəcək.

İşğalçı Ermənistan və onu dəstəkləyən ölkələrə də Azərbaycan-Türkiyə əməkdaşlığının səviyyəsi barədə bir ismarış göndərmiş olduq. Türkiyədə keçirilən dəniz və hava qüvvələrinin təlimləri, həm də Laçın dəhlizinin yanındakı birgə təlimlərlə iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu nümayiş etdiririk. Belə proseslər Azərbaycanın gələcək fəaliyyətlərində hansı istiqamətlərə yönələcəyinə dair ehtimalları irəli sürməyə imkan verir”.