Zaxarovanın “sülh danışıqları” mesajı:“Kreml şərtlərə müdaxilə edə bilər” 

“Ona görə də sülh müqaviləsi hər iki ölkənin parlamentində müzakirə edilib, qəbul olunmalıdır”

“Artıq Ermənistan parlamentində Qarabağla bağlı komissiyanın yaradılmasına “yox” deyilib”

“30 ildən sonra birdən-birə Ermənistan parlamentində bu komissiyanın yaradılmaması o deməkdir ki, rəsmi İrəvan danışıqlara hazırdır”

“Lakin danışıqlar üzə çıxandan sonra Rusiyanın bununla bağlı diqtəsinə imkan vermək olmaz!”


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasında ciddi pozuntular yoxdur. Onun sözlərinə görə, bu, həm Bakıda, həm də İrəvanda təsdiqlənir.Rəsmi İrəvanın son açıqlamalarına münasibət bildirən Zaxarova qeyd edib ki, Rusiya tərəfi Azərbaycanla Ermənistanda sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələri yaxından izləyir.

"Siyasi mövzularda əsas fikir ayrılıqları, təəssüf ki, davam edir, buna görə də bu mərhələdə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının ən yüksək səviyyədə yerinə yetirilməsini prioritet hesab edirik. Humanitar məsələlər, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər bu kimi addımlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və son siyasi həllinə nail olmaq üçün şərait yaratmağa kömək edəcək".

Maraqlıdır, Zaxarova hansı sülh danışıqlarını nəzərdə tutur və pərdəarxası olsa da, hələ ki, ictimaiyyətə açıqlanmayan hansısa danışıqlar varmı?

Zaxarova heç bir zaman Azərbaycana qarşı səmimi olmadığını qeyd edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyevin “Sherg.az”a açıqlamasına görə, o, həmişə Rusiya dövlətinin sözçüsü kimi çıxış edib, XİN-nin rəsmi nümayəndəsi kimi yox:

“Bu şəxs təhlükəsizlik orqanları ilə birgə işlədiyinə görə, təbii ki, söylədiyi fikirlər də bilavasitə “yuxarı”dan ötürülüb. Ona görə də rus sülhməramlıları haqqında dedikləri təəccüblü deyil. Amma Zaxarova bir məqamı nəzərə almalıdır: Azərbaycan rus sülhməramlıları adı altında bölgəyə yerləşdirilən hərbçilərin fəaliyyətindən dövlət səviyyəsində narazıdır”.

C.Nuriyev Azərbaycanla Ermənistan arasında hələ ki hansısa sülh danışığının olmadığını da diqqətə çatdırıb:

“Zaxarovanın sülh müqaviləsi barədə dedikləri cəmiyyətimizə hesablanıb. Çünki cənab Prezident açıq şəkildə elan edib ki, biz Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq. 

Son zamanlar Paşinyan Rusiyadan asılı olmayan, Ermənistanı xilas etmək üçün “isti” mesajlar verir. Həmin mesajlar sərhədlərin müəyyənləşdirilməsi, dəhlizin açılması, hava məkanında danışıqların getməsi ilə əlaqədardır. Əslində Zaxarova sülh danışıqları barədə fikirlərini elan etməməlidir.

Rusiya guya bu məsələdə 3-cü hakimdir, ancaq özünü tərəf kimi aparır. Azərbaycanla Ermənistan arasında gizli danışıqla olsa belə, bunun ictimaiyyətə açıqlanmama səbəbi var. Çünki hər iki ölkə Rusiyanı gözəl tanıyır.

Bilirlər ki, Kreml şərtlərə müdaxilə edə bilər. Ona görə də sülh müqaviləsi hər iki ölkənin parlamentində müzakirə edilib, qəbul olunmalıdır. Artıq Ermənistan parlamentində Qarabağla bağlı komissiyanın yaradılmasına “yox” deyilib.

30 ildən sonra birdən-birə Ermənistan parlamentində bu komissiyanın yaradılmaması o deməkdir ki, rəsmi İrəvan danışıqlara hazırdır. Lakin danışıqlar üzə çıxandan sonra Rusiyanın bununla bağlı diqtəsinə imkan vermək olmaz!”.