Rusiya xəbərdardır ki, artıq Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığı yaradılıb
"Rusiyanın iki hərbçisinin bizim regiona gəlməsiylə bölgədə nələrinsə əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmürəm"
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı vəzifəsinə general-mayor Mixail Kosobokov təyin olunub. Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava-Desant Məktəbini bitirib. Kosobokov Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrin komandir müavini vəzifəsində çalışıb. Sülhməramlıların yeni komandiri Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasına komandanlıq edirdi. 2016-cı ildə general-mayor rütbəsi alıb. Qeyd edək ki, Kosobokovun adı Ukraynanın “Mirotvoreç” saytının məlumat bazasına daxil edilib. Ukrayna tərəfi Kosobokovu Donbasdakı separatçılara silah-sursat çatdırmaqda və Rusiya ordusunun hissələrini Ukrayna ərazisinə göndərməkdə ittiham edir. Bəzi ekspertlər general M.Kosobokovun sülhməramlı kontingentə komandan təyin edilməsini və eyni gündə polkovnik Dmitri Ovçarovun isə Ermənistandakı 102-ci hərbi bazaya rəhbərliyə göndərilməsini Moskvanın açıq oyuna başlaması kimi qiymətləndirirlər.
Millət vəkili Sahib Alıyev vurğulayıb ki, general Kosobokov separatçı ünsürlərə sevgisi və onlarla sıx işbirliyində olması ilə tanınır. Deputatın sözlərinə görə, o təkcə Rusiyanın Abxaziyadakı bazasının komandiri olmayıb. Eyni zamanda hələ polkovnik rütbəsindəykən adı Donbasdakı separatçılarla sıx əlaqədə hallandırılıb:
“General Ukraynada hərbi cinayətkar sayılır. Kosobokov kimi desantçılar məktəbinin yetirməsi olan Dmitri Ovçarov isə 2008-ci ildə Gürcüstanla savaşda fərqlənənlərdən biridir. Onun adı Qafqazda bir sıra “özəl” əməliyyatlarda hallandırılır.
Zamanında kazakların cəlb olunduğu polka rəhbərlik edib. Kazakların missiyalarının nədən ibarət olduğu isə heç kəsə sirr deyil. Açığı, Rusiyanın iki hərbçisinin bizim regiona gəlməsiylə bölgədə nələrinsə əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmürəm. General Kosobokovu 2017-ci ildə Krımda keçirilən hərbi parada rəhbərlik etməyə göndərənlər yəqin “Krım platforması”nın varlığından və rəsmi Bakının o platformaya yanaşmada ölçülü-biçili davranışlarından xəbərdardılar. Ondan da xəbərdardılar ki, Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığı yaradılıb. Böyük döyüş təcrübəsi olan dörd generalın yer aldığı komandanlığa separatçı-terrorçu ünsürlərə qan uddurmasıyla tanınan general Bəxtiyar Ərsay rəhbərlik edir. Xoş gəldiniz paşalar, vətəniniz Azərbaycana”.