Yaşlanmış insanları işə götürmürlər

Çünki iş yerlərinin sayı əmək qabiliyyətli əhalinin sayına uyğun deyil

"Son 12 ildə Azərbaycanda əmək bazarı indeksi üzüaşağı  gedir. Bu, iqtisadi azadlıqlar indeksində də özünü göstərir"

“Mütləq şəkildə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır”. Bu sözləri Milli Məclisin deputatı  Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, bu mövzuda əhalini kateqoriyalara bölmək doğru olmaz: 

“Çünki yaşayış səviyyəsinin yaxşılaşdırılması, xüsusilə əmək haqlarının azlığı və evlərin çətinliklə əldə edilməsi məsələsi ümumi problemlərdir. Əsasən də mənzillərin əldə edilməsində elə şərtlər qoyulmalıdır ki, əhalinin bütün təbəqələri bundan asanlıqla yararlana bilsin. Bu gün əhali arasında ən çox əziyyət çəkən təbəqə yaşı pensiya yaşına çatmağa az qalan şəxslərdir. Yaşı bir az çox olan insanı işdən çıxarırlar, qalır işsiz. Yaşı 40-ı keçən şəxsi heç kəs işə götürmək istəmir. Bəs işdən azad edən düşünürmü ki, işinə son qoyduğu 40 yaşlı şəxs təcrübəli kadrdır? İndi kimsə nazir təyin olunan kimi göstəriş verir ki, ortayaşlı və ya yaşlı təbəqə işdən dərhal azad olunsun. Bu insanlar nə etsin? Müəssisələrdə, dövlət qurumlarında idarəetmə yenilənməlidir. İstər yaşlı , istər gənc təcrübəli kadrlardan istifadə edilməlidir, təcrübəsiz şəxslərə isə işi öyrənmək üçün şərait yaradılmalıdır”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, əslində gənclər arasında işsizliyin göstəricisi daha yüksəkdir, nəinki 40 yaşından yuxarı olanların. Ekspert qeyd edib ki, bunun bir sıra səbəbləri var:

 "Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı ümumi əhali sayının 64 faizini təşkil edir. Yəni əhalinin 6 milyon yarımı əmək qabiliyyətlidir. Amma işləyən əhalinin sayı 5 milyona yaxını göstərir ki, onlardan da yalnız üçdə biri muzdlu əmək müqaviləsi ilə işləyən şəxslərdir. Onların da az qala 80 faizi dövlət sektorunda işləyənlərdir. Bu onun nəticəsidir ki, Azərbaycanda tələblə təklif arasında uyğunsuzluq var. İş yerlərinin sayı əmək qabiliyyətli əhalinin sayına uyğun deyil. Bu təbii ki, indinin problemi deyil. Hələ Sovet dönəmində 110 komsomol zərbəçi tikintisi var idi və hamısında azərbaycanlılar  işləməyə gedirdilər. Ümumiyyətlə, əhalinin demoqrafiq inkişafının, doğuşun səviyyəsi yüksəkdir. Ona görə də əmək bazarına daxil olanlarla əmək bazarını tərk eləyənlər arasında balans həmişə daxil olanların xeyrinədir. Yəni işçi qüvvəsi çoxdur, iş yerləri isə kifayət eləmir. Nəticədə nə əmələ gəlir? Rəqabət. İşə götürənlər də bundan sui-istifadə eləməyə başlayır. Birincisi, əmək haqlarını azaldırlar. İkincisi, başlayırlar seçməyə, kim cavandır və s. müxtəlif kriteriyalar ortaya qoyurlar". 

S.Məmmədov əlavə edib ki, əgər əmək bazarında iş yerlərinin sayı kifayət qədər çox olsaydı, işə götürənlərin də belə bir komfortu olmazdı:

 "O ki qaldı deputatın konkret fikrinə, bəli, yaşlanmış insanları işə götürənlər işə götürmək istəmir. Hər yerdə belədir. Rusiya Federasiyasında hətta qanun qəbul elədilər ki, pensiya ərəfəsində olan işçilərin əmək müqaviləsinə xitam verilə bilməz. Bizim ombudsman da belə bir təkliflə çıxış etdi. Ancaq mən o fikri dəstəkləmədim. Çünki o havadan asılıb qalan bir şey olacaqdı. Birincisi, ona görə ki, Azərbaycanın əmək bazarının 70 faizi qeyri-formaldır. Burda heç nə qanunla tənzimlənmir. İkincisi də ki, elə hallar var ki, işə götürən işçi ilə əmək müqaviləsini istənilən vaxt xitam verə bilmir. 

Yəni tutaq ki, birinin 58 yaşı var. Bunu işdən çıxartmağı qanun qadağan edir. Bu şəxs heç ümumiyyətlə, işə gəlmir, yaxud da gəlir və əmək intizamını pozur. Bunu işə götürən şəxs işdən xaric eləmək  hüququnda olmalıdır, yoxsa yox? 

Belə qanunların qəbulu Azərbaycanın əmək bazarını xarici investorlar üçün cəlbedici etmir. Nəticədə bu cür absurd qanunlar qəbul eləməklə, son 12 ildə Azərbaycanda əmək bazarı indeksi üzüaşağı  gedir. Bu, iqtisadi azadlıqlar  indeksində də özünü göstərir. Ona görə də bu məsələni hansısa qanunla, nizamlamalarla tənzimləmək mümkün deyil. Deputatların əksəriyyəti əmək bazarını yaxşı bilmirlər deyə situasiyadan çıxış edirlər, amma mənzərə başqa cürdür". 

Aynurə Pənahqızı